Roma papasına sui-qəsd etmiş Mehmet Əli Ağca azadlığa buraxılıb
18 Yanvar 2010 Bazar Ertəsi 12:10
Mehmet Əli Ağcanın 30 illik həbsxana həyatı sona yetib.
Türkiyədə “Milliyet” qəzetinin baş redaktoru Abdi İpəkçini öldürən və daha sonra Roma papası II İohann Pavelə sui-qəsd edən Mehmet Əli Ağcanın 30 illik həbsxana həyatı sona yetib. APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, M. Ə. Ağca yanvarın 18-də səhər saxlanıldığı Ankaranın Sincan rayonundakı həbsxanadan çıxarılaraq hərbi çağırış məntəqəsinə aparılıb. Vəkil Hacı Əli Ozhan 52 yaşlı M. Ə. Ağcanın hərbi xidmətə çağırılmasının qanunsuz olduğunu söyləyib: “Bu xəta kimdən qaynaqlanırsa, dərhal düzəltsinlər. O, dini inancına və fəlsəfi dəyərlərinə zidd olduğu üçün əlinə silah götürməyəcəyini bildirib”. Əli Ozhan deyib ki, M. Ə. Ağca uzun illər vəkili və qardaşından başqa heç kimlə görüşmədiyi üçün onun psixologiyası pozulub, əsgərliyə çağırılmasından isə şoka düşüb. Vəkil 2006-cı ildə M. Ə. Ağcanın hərbi xidmətə yararlı olmadığı haqda raport verildiyini xatırladıb. M. Ə. Ağca Gülhanə Hərbi Tibb Akademiyasında müayinədən keçiriləcək. Onun hərbi xidmətə yararlı olun-olmadığına burada qərar veriləcək.
M. Ə. Ağca Ankarada 1-2 gün qaldıqdan sonra İstanbula gedərək “Çırağan” Sarayında mətbuat konfransı keçirməyi planlaşdırır. Mətbuat konfransını izləmək üçün İtaliya başda olmaqla, bir çox ölkədən 150-yə yaxın jurnalist Türkiyəyə gedib. Bu arada Böyük Britaniyanın “The Times” qəzeti M. Ə. Ağcanın məktubunu dərc edib. O, qəzetə göndərdiyi məktubda “həm fiziki, həm də psixoloji cəhətdən güclüyəm, ağlım başımdadır”, deyib. Ağca Yaponiya və Kanadadan film və sənədli film təklifləri aldığını açıqlayıb: “Planım dünyanın sonunu elan etmək və mükəmməl şəkildə xristianlığın əsaslarını yazmaqdır. Vatikanın heç vaxt anlamadığı mükəmməl xristianlığı elan edəcəyəm”.
Qeyd edək ki, M. Ə. Ağca 1979-cu il fevralın 1-də İstanbulda “Milliyet” qəzetinin baş redaktoru Abdi İpəkçini öldürüb. O, yaxalansa da, bir qədər sonra həbsxanadan qaçıb. 1981-ci il mayın 13-də Vatikanın San Pyetro meydanında xalqı salamlayan papa II İohann Pavelə sui-qəsd edib. “Browning” markalı tapançadan açılan atəş nəticəsində papa qarnından və əlindən 3 güllə yarası alıb. Terrorçu hadisə yerində yaxalanıb. Papa 5,5 saatlıq cərrahiyyə əməliyyatından sonra sağ qalıb. Papanın müraciəti əsasında İtaliya prezidenti 2000-ci ildə M. Ə. Ağcanı əfv edib və o, həmin il Türkiyəyə göndərilib. Türkiyədə A. İpəkçi cinayətinə görə cəza çəkən M. Ə. Ağca 2006-cı ildə azadlığa buraxılıb. Lakin bir neçə gün sonra cəza müddətinin yanlış hesablandığı aşkarlanıb və M. Ə. Ağca yenidən həbs edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: