RLDP sədri təlxəkdirsə, Belarus prezidenti kimdir?
17 Sentyabr 2009 Cümə Axşamı 13:20
Yaxud, Jirinovskini Lukaşenko ilə nə bağlayır?
Dünən Belarus prezidenti Aleksandr Lukaşenko yaxın zamanlarda rəhbəri olduğu dövlətin Gürcüstan dövlətinin ayrılmaz bir hissəsi olan Abxaziya və Cənubi Osetiya Muxtariyyətlərini müstəqil dövlət kimi tanıya biləcəyini bildirib. Bununla eyni zamanda Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Dağlıq Qarabağı müstəqil bir dövlət kimi tanımağın vaxtı olduğunu söyləyib. Bu məsələlərin bir biri ilə bağlılığı olduğunu və gələcəkdə Belarus hökumətinin də Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya biləcəyini öyrənmək məqsədi ilə ANS PRESS politoloqlara müraciət etdi.

Onun dedikləri həyata keçir

«Əgər bu günə qədər Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayıbsa, deməli, heç bir dövlət, Belarus da Qarabağı tanıya bilməz». Bu sözləri ANS PRESS-ə politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, bu gün artıq hər kəs bilir ki, dünyada beynəlxalq hüququn aşılanması prosesi gedir: «Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin «Dağlıq Qarabağ artıq müstəqil dövlət kimi tanınmalı deməsi və Belarus prezidenti Aleksandr Lukaşenkonun Cənubi Osetiyanı və Abxaziyanı müstəqil dövlət kimi tanıya biləcəklərini bildirməsi arasında bağlılıq var. Belarus nəyisə deyirsə, nəyisə edirsə, Rusiyanın icazəsi olmadan deməz və ya eləməz».

Jirinovskinin fikirlərinə münasibət bildirən politoloq dedi ki, Jirinovskinin təlxək və kloun olduğuğunu hər kəs bilir: «Jirinovski Dövlət Təhlükəsizlik Komitəsinin agentidir. O, bu idarənin agenti olduğundan onun dedikləri çox vaxt həyata keçir. Çünki o, bu idarənin sözünü deyir, ona tapşırılanları söyləyir. Bununla da, ictimaiyyətin bu məsələyə münasibəti öyrənilir».

Lukaşenkonun ağlına gəlməyənlər

Politoloq Rasim Musabəyov isə ANS PRESS-ə bildirib ki, bu iki məsələ arasında heç bir bağlılıq yoxdur. Onun sözlərinə görə, Rusiya dəfələrlə rəsmi səviyyədə bildirib ki, Cənubi Osetiya və Abxaziya məsələləri Dağlıq Qarabağ məsələsi ilə eyni edilə bilməz: «Jirinovski təlxəkdir və onun dediyi hər hansısa sözü ciddi qəbul etməyə ehtiyac yoxdur».
Belarusun Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasına gəldikdə, politoloq deyir ki, bu məsələ də olduqca müəmmalıdır: «Belarus prezidenti hələ bir müddət öncə ilk dəfə bu barədə danışıb. Amma bu məsələdən bir il ötməsinə baxmayaraq, Belarus parlamenti bu məsələni müzakirəyə çıxarmır. Bu məsələ ilə bağlı Belarus deputatları öz mövqelərini bildirmirlər».
Bu səbəbdən də politoloq düşünür ki, Belarus hökumətinin belə tələm-tələsik qərar verəcəyinə inanmır: «Düşünürəm ki, Dağlıq Qarabağın müstəqilliyini tanımaq məsələsi Aleksandr Lukaşenkonun ağlına belə gəlmir».


DOSTLARINLA PAYLAŞ:

oyunlar