Rəsmi Tehran razıdır
03 Fevral 2010 Çərşənbə 18:10
Rəsmi Tehran: "Bizim haqlı olduğumuz, atom enerjisi üzrə beynəlxalq agentliyin isə etibarlı olmadığı sübut ediləcək"
Rəsmi Tehran BMT-nin planını qəbul etməyə və az zənginləşdirilmiş uranı xaricə göndərərək əvəzində daha yüksək dərəcəli nüvə yanacağı almağa hazırdır.
Belə sensasiyalı bəyanatla İran prezidenti Mahmud Əhmədinejad “İrib” telekanalına müsahibəsi zamanı çıxış edib. Mahmud Əhmədinejad bildirib ki, İranın az zənginləşdirilmiş uranı Qərb dövlətlərinə vermək və əvəzində 20 faizədək zənginləşdirilmiş uran almaqla bağlı heç bir problemi yoxdur. O, Qərbin uranı verməyəcəyi ilə bağlı narahatlıqlarının olmadığını və İranın buna zənginləşdirilmiş uran istehsalını davam etdirməklə cavab verəcəyini deyib.
"Bəzi insanlar bununla bağlı narahatlıqlar nümayiş etdirib. Heç bir problem yoxdur. Müqavilə bağlayacağıq və 3.5 faiz zənginləşdirilmiş uranı 20 faizədək zənginləşdirmək üçün dörd-beş aylıq verəcəyik və sonra onu bizə qaytaracaqlar. Biz buna razılıq verəcəyik. Bəzi insanlar zənginləşdirilmiş uranın bizə qaytarılmayacağını desə də, mən onlara bildirmişəm ki, biz onsuz da onu istehsal edirik. Onu qaytarmasalar, nə baş verəcək? Bizim haqlı olduğumuz, atom enerjisi üzrə beynəlxalq agentliyin isə etibarlı olmadığı sübut ediləcək”,-deyə Əhmədinejad bildirib.
Rəsmi vaşinqton isə İran prezidentinin çıxışına ehtiyatlı reaksiya verib. Dövlət Departamentinin nümayəndəsi Filip Krouli deyib ki, rəsmi Tehran BMT-nin təkliflərini qəbul etsə və az zənginləşdirilmiş uranı xaricə gördərməyə hazırlaşarsa, MAQATE-ni bu barədə məlumatlandırmalıdır. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də İranın bu bəyanatını müsbət qarşılayıb. Rəsmi London İranla altılıq ölkələri arasında danışıqların bərpasına çağırıb.
Qeyd edək ki, MAQATE İrana 1,2 ton az zənginləşdirilmiş uranı Rrusiya, Fransa və ya Türkiyəyə göndərərək əvəzində 20 faizə qədər zənginləşdirilmiş uranı almağı və ondan Tehran nüvə reaktorunda elmi sınaqlar zamanı istifadəni təklif etmişdi. Birləşmiş Ştatlar bu təklifin qəbulu üçün İrana 2009-cu ilin sonuna qədər vaxt vermişdi. Lakin rəsmi Tehran bu təklifə cavab vermədiyindən danışıqlar dayanmış, İrana qarşı yeni sanksiyaların tətbiqi aktuallaşıb.
Bundan başqa, İran ABŞ-ı regiondakı ərəb ölkələrində və Fars körfəzində raketdən müdafiə sistemləri yerləşdirməklə bölgədə gərginliyi artırmaqda ittiham edib. İran bildirib ki, ABŞ ərəb ölkələrində raketdən müdafiə sistemlərini gücləndirməklə regionu parçalamağa çalışır. Rəsmi Tehran qonşularından İranın təhlükə mənbəyi olması barədə ideyalara inanmamağa çağırıb.
“Onlar öz arzularını bizə qarşı tətbiq etmək istəyirlər, ancaq onların arzusu heç vaxt reallaşmayacaq. Çünki onların bunu etmək üçün heç bir yolu yoxdur. Onlar bilir ki, bu gün dünyada İrana zərbə endirəcək heç bir qüvvə yoxdur”,-deyə İran prezidenti bildirib.
Birləşmiş Ştatların hərbi rəsmiləri isə “Patriot” raketləri və raket hücumlarını dəf etməyə qadir Amerika hərbi-dəniz gəmilərinin Fars körfəzində yerləşdirilməsini rəsmi Vaşinqtonun öz müttəfiqlərini İranın mümkün raket hücumundan qorumaq üçün edildiyini bildirirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: