«Rəsmi Seul Şimali Koreyada baş verənləri diqqətlə izləyir və kommunist rejimin növbəti nüvə sınağına hazırlaşmasından narahatdır». Bu bəyanatla Cənubi Koreyanın müdafiə nazirliyinin rəsmisi çıxış edib.
Bu arada Şimali Koreya təhrik edildiyi təqdirdə Amerika Birləşmiş Ştatlarına hərbi müqavimət göstərə biləcəyini söyləyib. Bu xəbərdarlıq Amerika prezidenti Barak Obamanın Şimali Koreyanı dünya üçün «ciddi təhlükə» törədən ölkə elan etməsindən sonra Şimali Koreya KİV-lərində yayımlanıb.
Xatırladaq ki, Ağ ev rəhbəri Pxenyana qarşı yeni BMT sanksiyalarının qəbul olunacağını bildirmişdi. Bu məsələ həmçinin ötən gün Vaşinqtonda Cənubi Koreya və Amerika Birləşmiş Ştatları prezidentləri arasında görüşün də prioriteti olub. Li Myunq-Bakla görüş çərçivəsində Obama regional və qlobal «strateji ittifaq» yaradaraq Şimali Koreyanı bütün nüvə silahlarını məhv etməyə çağırıb. /ANS TV/