Rejissor Cəfər Pənahi azadlığa buraxıldı
26 May 2010 Çərşənbə 02:00
Cəfər Pənahinin azadlığı müqabilində 200 min dollar girov qoyulub.
İran hakimiyyəti müxalifətçi rejissor Cəfər Pənahini 200 min dollar kirov müqabilində azadlığa buraxıb. Bu barədə məlumatı İran televiziyası yayıb.

Cəfər Pənahinin azadlığa buraxılacağını mayın 24-də Tehranın prokuroru Abbas Cəfəri Dolatabadi bildirmişdi. Qərardan danışan prokuror girovun məbləğini açıqlamamışdı. Rejissora qarşı hansı ittihamların irəli sürüldüyü indiyədək bəlli deyil. Cəfər Pənahinin işi baxılması üçün İranın inqilab məhkəməsinə göndəriləcək. Bu məhkəmə instansiyası xüsusi cinayətlərə, o cümlədən, dövlət təhlükəsizliyinə qarşı cinayət əməllərinə dair işlərə baxır və qərarından apellyasiya şikayəti verilə bilməz.

Qeyd edək ki, Cəfər Pənahi azadlığa buraxılmazdan bir neçə gün əvvəl həbsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlamışdı. O, vəkili və ailə üzvləri ilə görüş verilməsini, həmçinin işinə açıq məhkəmə prosesində baxılmasını tələb edirdi.

Kniorejissor 2010-cu ilin martında həbs edilib. Onunla bərabər daha 16 nəfər, o cümlədən, rejissorun ailə üzvləri də saxlanılmışdı. Sonrada digərləri azadlığa buraxılsa da, Cəfər Pənahi Tehran həbsxanasına göndərilmişdi.

49 yaşlı Cəfər Pənahi ən məşhur İran rejissorlarından biridir. Onun filmləri Kann, Venesiya, Berlin, eləcə də Çikaqo festivallarının mükafatlarını qazanıb. Rejissorun çəkdiyi filmlərin bəzilərinin İranda nümayişi qadağan edilib. Bundan başqa, bir neçə dəfə Cəfər Pənahinin İranı tərk etməsinə imkan verilməyib. Bu məhdudiyyətlər üzündən o 2001-ci ildə Beriln kinofestivalına gedə bilməmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar