Türkiyə baş naziri “Qurani Kərim”dən “Fatihə” və “Bəqərə” surəsinin ilk 5 ayəsini oxuyub
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Qurani Kərim”dən surələr oxuduğu video-çarx yayılıb. Ərdoğanın “Quran”ı bir neçə gün əvvəl vəfat edən Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakanın evində oxuduğu güman edilsə də videonun daha əvvəl çəkildiyi müəyyən edilib. Məlumata görə, baş nazir “Quran” qiraətini Rize şəhərində başsağlığı üçün getdiyi dostunun evində həyata keçirib.
Qeyd edək ki, həvəskar kamera tərəfindən çəkilmiş video-çarxda Rəcəb Tayyib Ərdoğan “Qurani Kərim”dən “Fatihə” və “Bəqərə” surəsinin ilk 5 ayəsini oxuyur.
FATİHƏ
“Mərhəmətli və Rəhmli Allahın adı ilə! Həmd olsun aləmlərin Rəbbi Allaha, (Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana, Haqq-hesab (qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!”
BƏQƏRƏ
“Əlif, Lam, Mim. Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər. O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar, Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.”