Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra Polşaya yollanıb. «İhlas» xəbər agentliyinin məlumatına görə, baş naziri Varşavadaki «Okecie» hava limanında bir sıra rəsmi şəxslər qarşılayıb. Polşaya səfərinin ilk günündə Ərdoğan Türkiyə-Polşa İqtisadi forumuna qatılıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanı Varşava səfərində dövlət naziri Zəfər Çağlayan, nəqliyyat naziri Binəli Yıldırım, enerji və təbii sərvətlər naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ərtoğrul Günay müşayiət edir. Bu gün baş nazir rəsmi qarşılanma mərasimindən sonra Polşanın baş naziri Donald Tusk ilə görüşəcək. Bundan sonra heyətlər arasında görüş baş tutacaq və Türkiyə ilə Polşa arasında İqtisadi Ortaqlıq Komitəsinin yaradılmasına dair deklarasiya imzalanacaq.
Görüşlərdən sonra Ərdoğan naməlum əsgər abidəsinin önünə əklil qoyacaq və senat rəhbəri Boqdan Borusevich, parlament sədri Bronislav Komorovski, prezident Lex Kaçinski tərəfindən qəbul ediləcək.
Türkiyənin baş naziri axşam saatlarında Polşa prezidentinin onun şərəfinə verəcəyi ziyafətdə iştirak edəcək.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın səfəri Türkiyənin Polşaya baş nazir səviyyəsində ilk rəsmi səfəridir./ANS PRESS/