Rauf Denktaşın dünyaya gəlməsindən 90 il ötür
27 Yanvar 2014 Bazar Ertəsi 06:49
1964-cü ildə adaya getməsinə qadağa qoyulan Rauf Denktaş xəlvəti adaya gedərək döyüşlərdə iştirak edib.
Rauf Denktaş 1924-cü il yanvarın 27-də Kiprin Baf bölgəsində dünyaya gəlib. Atası hakim olan və 1.5 yaşında anası vəfat edən Denktaşa 6 yaşına qədər nənəsi ilə babası baxıb. Rauf Denktaş 1930-cu ildə təhsil üçün İstanbula göndərilib. İbtidai və orta məktəbi İstanbulda oxuyan R. Denktaş Kiprə qayıdaraq litseyi burada bitirib və II dünya müharibəsinin başa çatması ilə hüquq təhsili üçün İngiltərəyə gedib.

Ali təhsilini bitirdikdən sonra bir müddət vəkillik edən R. Denktaş 1949-cu ildən işinə prokuror kimi davam edib. Eyni il Aydın xanımla ailə həyatı qurub.

Denktaş 1948-ci il Kipr Türklərinin təşkil etdiyi ilk mitinqdə Dr. Fazil Kiçik ilə natiq kimi iştirak edib. Adada türk icmasının liderlərindən olan Faiz Kaymak və Fazil Kiçik arasında vasitəçilik edib və daha sonra hər iki liderin də məsləhəti ilə Kipr Türk Qurumları Federasiyasının sədri seçilib.

1955-ci ildə “Enonis” (Kiprin Yunanıstana birləşdirilməsi) və EOKA (Ethniki Organosis Kyprion Agoniston – Milli Kipr Döyüşçüləri Hərəkatı) qarşısında Kipr türklərinin müqavimətinə istiqamət verən Denktaş 1958-ci ildə hökumətdəki vəzifəsindən istefa verib. Eyni il yoldaşları ilə birlikdə Türk Milli Müqavimət Hərəkatını yaratdı.

1958-ci ildə R. Denktaş Fazil Kiçiklə birlikdə Ankarada Türkiyənin xarici işlər naziri Fatin Rüşdü Zorlu ilə görüşdü. Bu görüşlər vaxtı Denktaş adaya türk hərbçilərinin göndərilməsi fikrini irəli sürüb.

1964-cü ildə adaya getməsinə qadağa qoyuldu. Buna baxmayaraq xəlvəti adaya gedərək döyüşlərdə iştirak edib. 1967-ci ildə yenə də adaya gizlicə girmək istədiyi vaxt həbs olunub. Türkiyənin cəhdləri ilə həbsdən buraxılıb və 1968-ci ildə adaya giriş qadağası ləğv olunub.

1970-ci il seçkisində Türk İcması Məclisinin sədri seçildi. 1973-cü il fevralın 28-nə qədər Kipr prezidentinin müavini və Kipr Türk İdarəsinin sədri olub.

1975-ci il fevralın 13-də Kipr Türk Federal dövlətinin elan edilməsindən sonra prezident və parlamentin spikeri olan Denktaş 1976-cı ildə keçirilən seçkidə prezident seçildi. 1981-ci ildə yenidən bu vəzifəyə seçildi.

1990-cı il aprelin 22-də və 1995-ci ildə prezident seçilən Denktaş 2005-ci ildə namizəd olmayaraq vəzifəsini Mehmet Əli Tələtə təhvil verdi.

Rauf Denktaş 2012-ci il yanvarın 14-də uzun sürən xəstəlikdən sonra vəfat edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar