Rauf Denktaş dəfn edilib
17 Yanvar 2012 Çərşənbə Axşamı 20:24
Rauf Denktaş dəfn edilib. Şimali Kipr Cümhuriyyəti başçısının dəfn mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Ötən həftənin cümə axşamı müalicə aldığı xəstəxanada 88 yaşında vəfat edən Şimali Kipr Türk Cümhuriyyətinin başçısı Rauf Denktaşla vida mərasimi keçirilib. Denktaşın tabutu 30 ildən çox xidmət göstərdiyi Cümhuriyət Başçısı İqamətgahında qoyulmuşdu.

Şimali Kipr və Türkiyə nümayəndə heyətləri Denktaşın tabutu önündən keçərək, başsağlığı dəftərini imzalayıblar. Daha sonra tabut “Səlimiyyə” məscidinə aparılıb və cənazə namazından sonra “Cümhuriyyət” parkına aparılaraq orada dəfn edilib.

Rauf Denktaşın dəfn mərasimində iştirak etmək üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlunun rəhbərlik etdiyi nümayəndələr heyətindən sonra Türkiyə prezidenti Abdulla Gül də Şimali Kipr Türk Cümhuriyyətinə gəlib. Bundan başqa, Türkiyə parlamentnin sədri Cəmil Çiçək, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdat Özəl və digərləri dəfn mərasimində iştirak edib.

Rauf Denktaşla vida mərasimində Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və bəzi millət vəkilləri təmsil edib. Vida mərasimində həmçinin Kiprdə təhsil alan azərbaycanlı tələbələr iştirak edib. Vida mərasimində Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə və Azərbaycanın bayraqları dalğalandırıldı. Rauf Denktaşın ölümü ilə əlaqədar Şimali Kiprdə və Türkiyədə bayraqlar endirilib. Şimali Kiprdə dəfn mərasimi ilə əlaqədar bir çox ictimai obyektlər fəaliyyətində fasilə verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar