Radikal islamçılar hakimiyyətin bir addımlığında
08 Yanvar 2012 Bazar 18:16
Misir parlamentinin aşağı palatasına keçirilən seçkilərin sonuncu mərhələsi başa çatıb.
Misir parlamentinin aşağı palatasına keçirilən seçkilərin sonuncu mərhələsi başa çatıb. İlkin nəticələrə görə, səslərin çoxunu “Müsəlman qardaşları”nın qanadı olan “Azadlıq və ədalət” partiyası qazanıb. Radikal sələfilərin “Nur” partiyası isə ikinci yerdə qərarlaşıb.
Parlament seçkilərinin nəticələri barədə rəsmi açıqlama yanvarın 11-də veriləcək. Martda isə parlamentin yuxarı palatasına seçkilər yekunlaşacaq. Bununla da Misirdə yeni hökumət formalaşdırılacaq.
“Müsəlman qardaşları” və sələfilərin qələbəsi ilə yekunlaşan seçkilər Misirdə ultramühafizəkar, dini dövlətin yaranması ehtimalını artırır. Belə ki, sələfilərin “Nur” partiyası Misirdəki islamyönümlü partiyalarının ən radikal qoludur. Onlar Səudiyyə Ərəbistanından dəstəklənir. Misir inqlabından sonra xristian-koptlara qarşı edilən hücumların arxasında da məhz bu qüvvə dayanır. Sələfilər hakimiyyətə gələcəkləri halda, ölkənin birmənalı olaraq şəriət qanunları ilə idarə ediləcəyini bildirirlər.
İndi əsas sual liberal və radikal islamçıların koalisiya yaradıb-yaratmayacaqları ilə bağlıdır. Xarici müşahidəçilər hesab edir ki, “Müsəlman qardaşları” dünyəvi xəttin tərəfdarı olan zəif siyasi partiyalarla koalisiya yaradaraq beynəlxalq ictimaiyyətdə müsbət rəy formalaşdırmağa çalışacaq.
DOSTLARINLA PAYLAŞ: