Qvatemalada sabiq hərbçi prezident seçilib
07 Noyabr 2011 Bazar Ertəsi 11:02
Ötən gün Qvatemalada keçirilən prezident seçkilərində ehtiyatda olan general Otto Peres Molina qalib gəlib.
APA-nın məlumatına görə, aparılmış ilkin hesablamalara əsasən, seçki bülletenlərinin təxminən 90%-i artıq qeydiyyata alınıb və səslərin 55,2%-i general Molinanın xeyrinə verilib. Onun əsas rəqibi - biznesmen Manuel Baldison isə səslərin 44,8%-ni toplaya bilib.
O.P.Molina artıq seçkilərdə qalib gəldiyini bəyan edib və ölkə vətəndaşlarına minnətdarlığını bildirib.
Qvatemalada prezident seçkiləri iki mərhələdə keçirilib. Birinci turda səslərin 36%-ni toplayan Molina qalib gəlib. Bu mərhələdə Baldisonu seçicilərin 23%-i dəstəkləyib.
Qeyd edək ki, 61 yaşlı O.P.Molina Vətənpərvər Partiyası, 41 yaşlı Baldison isə Azadlığın Bərpası Demokrat Partiyasının nümayəndəsidir. Eks-generalın seçki kampaniyasının əsasını mütəşəkkil cinayətkarlıq və yoxsulluqla mübarizənin aparılması təşkil edir.
Əvvəlki prezident Alvaro Kolom isə seçkilərdə ikinci dəfə iştirak hüququ olmadığına görə namizədliyini irəli sürməyib. Buna baxmayaraq, onun həyat yoldaşı Sandra Torres prezidentə dəstək vermək və aparılan siyasi xətti davam etdirmək məqsədilə seçkilərə qatılıb. Konstitusiyanın şərtlərinə əsasən, seçkilərdə prezidentin ailə üzvləri və yaxın qohumları iştirak edə bilmədiyinə görə, bu cütlük boşanmaq qərarına gəlib. Lakin bu ilin iyun ayında Qvatemala Ali Məhkəməsi birinci ledinin namizədliyini ləğv edib.
DOSTLARINLA PAYLAŞ: