QubaŞəhidlər Xiyabanı 20 yanvara hazır deyil
15 Yanvar 2012 Bazar 15:14
Xaçmaz Şəhidlər Xiyabanında isə təmir işlərinə bir neçə gün öncə başlanılıb.
20 yanvar faciəsinin 22-ci ildönümü ərəfəsində şimal bölgəsində şəhidlər xiyabanlarının vəziyyəti fərqlidir. Quba Şəhidlər Xiyabanında təmir işləri aparılmadığı müşahidə edilsə də, Xaçmazda artıq bu işlərə start verilib.
İlk baxışdan səhmanlı görünən Quba Şəhidlər Xiyabanında 20 yanvar faciəsinin ildönümünə 5 gün qalsa da hər hansı təmir işinin aparılmadığını müşahidə edilir. Xiyabanda şəhidlərin adları həkk olunan xatirə lövhələri tanınmaz vəziyyətə düşüb, ağarıb və bir hissəsi qopub. Quba rayon icra hakimiyyətinin nümayəndəsi Tariyel İbrahimov uçub dağılmış lövhələrin yaxın günlərdə bərpa olunacağını deyir.
Qarabağ döyüşlərində 271 şəhid verən Quba rayonunda Şəhidlər Xiyabanı 1992-ci ildə yaradılıb. Xiyabanda 35 şəhid dəfn olunub. Digərləri isə kəndlərdə torpağa tapşırılıb.
Xaçmazda isə Qubadan fərqli olaraq Şəhidlər Xiyabanında təmir işlərinə bir neçə gün öncə başlanılıb. Xaçmaz icra hakimiyyəti başçısının birinci müavini Akif Mərdanov vaxtilə köhnə qərirstanlıq olan xiyabanın 2006-cı ildə yaradıldığını deyir. Rayondan 240 nəfərin Qarabağ müharibəsində həlak olduğunu bildirən icra rəsmisi onların xiyabanda dəfn olunmadığını, lakin xatirələrinə kompleks yaradıldığını bildirdi.
Müşahidələr zamanı Xaçmaz Şəhidlər Xiyabanında təmir işlərinin kortəbii şəkildə aparıldığı görünürdü. Vətən yolunda canını qurban verən şəhidin xatirə lövhəsi ayaq altında qalmışdı. İcra rəsmisi belə halların aradan qaldırılacağını deyərək, 20 yanvaradək xiyabanda təmir işlərinin başa çatdırılacağını qeyd etdib.
DOSTLARINLA PAYLAŞ: