Qroznıda xüsusi əməliyyat keçirilib
22 Avqust 2010 Bazar 18:25
Əməliyyat zamanı hüquq-mühafizə orqanları güclü müqavimətlə üzləşib.
Çeçenistanın paytaxtı Qrozni şəhərində qanunsuz silahlı qruplaşma üzvlərinin həbs olunması məqsədilə həyata keçirilən xüsusi əməliyyat zamanı 1 milis əməkdaşı ölüb, 9-u isə xəsarət alıb. Əməliyyat Qrozni şəhərinin Staropromıslovsk rayonunda həyata keçirilib. Əməliyyat zamanı rayondakı şəxsi evlərdən birində silahlıların liderlərindən sayılan, federal axtarışda olan Xamzat Şamilev aşkar edilib. Lakin milis onu həbs etməyə çalışarkən Şamilev müqavimət göstərib. O, milis əməkdaşlarına 2 qumbara atıb, daha sonra isə bədəninə bağlanmış partlayıcı qurğunu işə salıb.

Mahaçqalada da insident yaşanıb. Belə ki, Separatornı mikrorayonu ərazisində “Jiquli” markalı avtomobildə hərəkət edən naməlum silahlılar sahə müvəkilinə atəş açıb. Nəticədə milis kapitanı xəstəxanada keçinib. Daha sonra eyni silahlıların Perov küçəsində mülki avtomobilə atəş açmaları nəticəsində sürücü həlak olub. Silahlılar kafelərdən birinə daxil olaraq, orada oturanları da atəşə tutub. Hadisə nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Kaspiysk rayonunda isə milis idarəsinə partlayıcı qurğu atılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Eyni hal Dərbənd vilayətində də təkrarlanıb. Bu dəfə partlayıcını atan şəxs özü xəsarət alıb. Bundan başqa Dağıstanın Kukaşura qəsəbəsində güclü partlayıcının zərərsizləşdirildiyi bildirilir.

Bu arada Dağıstan prezidenti Maqomedsalam Maqomedov ötən gün Dağıstanda silahlı qruplaşmaya rəhbərlik etməkdə şübhəli bilinən Maqomedəli Vahabovun 5 nəfərdən ibarət dəstəsinin zərərsizləşdirilməsi zamanı fərqlənən hüquq-mühafizə orqanı əməkdaşlarının təltif olunacağını bildirib. Maqomedsalam Maqomedov bu barədə hüquq-mühafizə orqanı rəhbərlərilə keçirdiyi müşavirədə bəyan edib.

Qeyd edək ki, Maqomedəli Vahabov bir neçə il federal axtarışda olub. Onun bu il Moskvada baş verən metro partlayışlarının təşkilatçısı olduğu iddia olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar