Qordon Braun istefaya gedir
11 May 2010 Çərşənbə Axşamı 11:35
Böyük Britaniyanın baş naziri Qordon Braun sədri olduğu Leyboristlər Partiyasından istefa verəcəyini bəyan edib.
Böyük Britaniyanın hazırkı baş naziri Qordon Braun sədri olduğu Leyboristlər Partiyasından istefa verəcəyini bəyan edib. Braun bildirib ki, partiya onu əvəz edəcək lider axtarışına başlayacaq və çox güman ki, bu, sentyabr ayına qədər sürəcək. Qordon Braun eyni zamanda qeyd edib ki, Liberal Demokratlar Partiyasının lideri Nik Kleq onun partiyası ilə koalisiya yaratmaq məsələsi ilə bağlı rəsmi danışıqlara başlamağı təklif edib. Braun mütərəqqi koalision hökumət qurmağın bütün ölkənin marağında olduğunu dilə gətirib.
"Mən kraliçadan hökumət qurmaq göstərişi almışam. Yeni yaradılacaq hökumət bir çox üstünlüklərə malik olacaq. Mən hakimiyyətdə olduğum müddət ərzində ölkəmə və xalqıma layiqincə xidmət göstərməyə çalışmışam. Biz hal-hazırda məsuliyyətsizlik mərhələsinə son qoymalı və ümumi rifaha doğru addımlamalıyıq. Buna görə də mən Liberal Demokratlar Partiyasının lideri cənab Kleqlə müsbət nəticələrin əldə edilməsi üçün danışıqlar aparacam", deyə Q. Braun qeyd edib.
Liberal Demokrat Partiyasının ali qanunvericisi Deyvid Lovs ölkədə yeni hökumət qurmaq istiqamətində Mühafizəkarlar partiyası ilə hələlik heç bir razılığın əldə olunmadığını bildirib. Deyvid Lovs deyib ki, liberal demokratlar mühafizəkarlarla əldə olunacaq bu razılaşmanın təfərrüatlarına, yəni təhsil, vergi və seçki islahatları ilə bağlı məsələlərə aydınlıq gətirilməsinə çalışırlar. Lovs qeyd edib ki, bu məsələnin nə dərəcədə düzgün olub-olmaması ilə bağlı partiyanın üzvləri arasında hətta böyük mübahisələr də meydana gəlib. Ali qanunverici həmçinin onu da əlavə edib ki, liberal demokratlar hələ də baş nazir Qordon Braunun rəhbəri olduğu Leyboristlər Partiyası ilə də danışıqlar aparır.
"Parlament partiyası Mühafizəkarlar partiyası ilə razılığa gəlinməsi məsələsinə yüksək qiymət verir. Lakin burada məsələnin bir sıra aydın olmayan tərəfləri var. Bu da təhsilə ayrılacaq vəsait, ədalətli vergi və seçki islahatlarında inkişafa doğru irəliləməklə bağlıdır. Biz bu məsələlərə mümkün qədər tez aydınlıq gətirilməsinə çalışırıq. Buna görə də bu istiqamətdə həm Leyboristlər Partiyası ilə danışıqlar aparılacaq, həm də Mühafizəkarlar Partiyasından qeyd etdiyim məsələlərlə bağlı müvafiq cavablar əldə olunmasına çalışacağıq", deyə Lovs qeyd edib.
Xatırladaq ki, ötən həftə Britaniyada keçirilən parlament seçkisində heç bir partiya parlamentdə lazım olan 650 yeri əldə edə bilməsə də, Deyvid Kameronun sədri olduğu Mühafizəkarlar Partiyası daha çox yeri, yəni 306 yeri qazanmışdı. Fəhlə partiyası 258, Liberal Demokratlar Partiyası isə 57 yer əldə edə bilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: