QMİ "Qurani-Kərim"in nüsxəsinin yandırılmasını pislədi
04 Aprel 2011 Bazar Ertəsi 20:23
Qafqaz Müsəlmanları İdarəsi ABŞ-ın Florida ştatının Heynsvill kilsəsindəki olayla bağlı bəyanat yayıb
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) martın 20-də ABŞ-ın Florida ştatının Heynsvill kilsəsində “Qurani-Kərim”in nüsxəsinin yandırılması hadisəsini pisləyən bəyanat yayıb. İdərinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan bəyanatda deyilir ki, QMİ bəyanatda hərəkətə etirazını bildirib: “Özünü keşiş kimi qələmə verən birisinin həyata keçirdiyi mənfur aksiya müqəddəs İslam dininə xələl gətirmək iqtidarında olmasa da, onun ardıcıllarının heysiyyətinə toxunmaq, onların ən ülvi mənəvi hisslərinin təhqir olunması baxımından olduqca xoşagəlməz haldır.
Belə ki, bu hadisənin fəsadları bəşəriyyət üçün çox acınacaqlı və təhlükəli ola bilər. İstər “Tövrat”, istər “İncil”, istərsə də “Qurani-Kərim” Allah tərəfindən insanlara hidayət yolunu göstərmək üçün göndərilib. “Qurani-Kərim”də Musa, İsa, Məryəm və digər müqəddəslərin adları ehtiramla çəkilir, İslam onları qəbul edir. Bu kitabdakı ali mətləblərdən xəbəri olmadan onu yandırmaq mahiyyət etibarilə “Tövrat”a da, “İncil”ə də qarşı bir üsyandır”.
QMİ milyonlarla müsəlmanın heysiyyatına toxunan bu hadisəyə qəti etirazını bildirib, ABŞ-ın dövlət rəsmilərini, ictimai birliklərini və dini mərkəz rəhbərlərini bu addıma qarşı vahid, ciddi qınaq mövqeyindən çıxış etməyə, insan qarşıdurmasına yol aça biləcək belə bir təxribatların gələcəkdə qarşısını almaq üçün fəal səy göstərməyə çağırıb: “İslamın müqəddəs kitabına belə bir təhqiramiz münasibətin bütün dini rəhbərlər tərəfindən pislənməsini vacib sayır, artıq insan tələfatına səbəb olmuş bu mənfur hadisəni törətmiş üzdəniraq keşişin dini ədavəti qızışdırmaq cəhdinə görə qanunla cəzalandırılmasını tələb edirik”.
DOSTLARINLA PAYLAŞ: