Qızıl tarixində ən yüksək qiymətə satılıb
03 Avqust 2011 Çərşənbə 19:29
"Qiymətli metal"ın bir qramı 54 dollara təklif edilib
Amerikada müflisləşmə təhlükəsi aradan qalxsa da, gözlənilənlərin əksinə olaraq dünya bazarında qızıl kəskin bahalaşıb. Bu gün qiymətli metallar bazarında 31 qram qızılın qiyməti 1675 dollara çatıb. Başqa sözlə, qızılın qramının qiyməti 54 dollara təklif edilib. Bu, tarixdə qızılın ən yüksək qiyməti sayılır.

Bazar iştirakçıları qiymət artımını qızıla tələbatın yüksəlməsi ilə əlaqələndirir. Ekspertlərin fikrincə, qızılın bahalaşması Amerikada iqtisadi artım templərinin zəifləməsi, qiymətli kağızlar bazarında reytinqlərin aşağı düşməsi ilə bağlıdır. Vaxtilə pullarını səhmlərə qoyanlar, indi vəsaitlərini qızıla yatırır.

Maraqlıdır ki, bu dəfə qızılın bahalaşması dolların möhkəmləndiyi bir vaxtda baş verib. İndi valyuta bazarlarında avro 1 dollar 41 sentə dəyişdirilir.

Yeri gəlmişkən, qızılın qiyməti son 1 ildə 30 faiz bahalaşıb. Bu, 1920-ci ildən bəri ən sürətli qiymət artımı hesab edilir. Son illər dünyada qızılın bahalaşmasına qızıl hasilatının azalması və bəzi ölkələrdə valyuta ehtiyatlarının qiymətli metallarla dəyişdirilməsi də təsir edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar