Qışda evlənmək olar?
16 Dekabr 2009 Çərşənbə 12:15
Qışda evlənmək olar? İnsanlar yeni ilin yeni həyat gətirəcəyinə inanırlar.
Qış toy keçirmək üçün əlverişli fəsildir - pəncərədən qar görünür, evdə soba yanır, qarşıda isə Yeni il gəlir. İnsanlar yeni ilin yeni həyat gətirəcəyinə inanırlar. "Aysel" qışda toy etməyin müsbət və mənfi tərəflərindən yazır.
Müsbət
1.VVAQ-da (ZAQS) növbə olmayacaq.
Siz toyunuzu istədyiniz günə təyin edə bilərsiniz. Toy xidmətləri yay fəsli ilə müqayisədə daha ucuz olacaq. Həmçinin istədyiniz stilist, vizajist və fotoqrafı seçə biləcəksiniz, çünki qışda daha az müştəri olur. Əgər təbiət qoynunda fotosessiya etmək istəsəniz, bunu VVAQ-la eyni günə salmayın. Çünki qışda gündüzlər qısa olduğundan, şəkillər qaranlıq düşənə qədər çəkilməlidir.
2.Şadlıq sarayı və menyunun seçimi geniş və qiyməti münasib olur. Bir çox restoranlarda yay fəsli ilə müqayisədə kirayə haqqı və ərzaqlara endirim olur. Bundan başqa, zalın qışda bəzədilməsində seçim genişdir - şam ağacının budaqları, yolka oyuncaqları, qozalar, serpantin (müxtəlif rəngli uzun kağız lent). Bütün bunlar toyunuzu digər toylardan fərqli edəcək.
3.Əyləncə və gəzişmə.
Qış bağçasında gəzmək və qardan sevginizin fiqurunu düzəltmək, konkidə sürüşmək necə də gözəldir. Qartopu oynayın - axı bu sizin qış bayramınızdır. Yayda edə bilməyəcəyinizi indi edin.
4.Gəlinlik paltarlarının geniş seçimi imkanı.
Qışda gəlinlik paltarını daha münasib qiymətə əldə edə bilərsiniz. Qar kimi ağ paltar istəməsəniz, rəngli gəlinliklərə müraciət etmək olar. Onsuz da indi rəngli gəlinliklər dəbdədir - qırmızı, yaşıl, bənövşəyi və s. Soyuqdan donmamaq üçün kürk, ya da xəz çiyinlik və uzunboğaz geyinməyi unutmayın.
5.Qızmar isti, milçəklər, arılar yoxdur.
Bunlar yay toylarını korlayır. Amma qışda hava dəyişsə belə, yağış əvəzinə qar yağsa, sizin üçün fərqi olmayacaq. Onsuz da soyuqdur. Amma yollarda ehtiyatlı olmaq lazımdır.
6.Qışda evlənmək orijinaldır.
Siz toyunuzu qışın oğlan çağında qeyd edə, bal ayınızı isə isti ölkələrin birində (+40 dərəcə isti, dəniz, günəş) keçirə bilərsiniz.
Mənfi
1.Gəlinlik paltarı.
Təəssüflər olsun, qışda açıq dekolte, qısaqol və ya qolsuz gəlinlik geyinə bilməyəcəksiniz, soyuğa dözümü olanlar istisnadır. Həmçinin təbiət qoynunda şəkil çəkdirə bilməyəcək, qapalı məkanla kifayətlənməli olacaqsınız. Fikriniz kürkünüzün yanında qalacaq, o, paltarın gözəlliyini örtür. Fata ilə soyuqda gəzmək də yolverilməzdir, yaxşısı budur onu restoranın girişində taxasınız.
2.Nəqliyyatla bağlı problemlər.
Əgər çovğun olarsa, yollar təmizlənməyəcək və bunu özünüz etməli olacaqsınız. Bu da əsəb gərginliyinə və vaxt itkisinə gətirib çıxaracaq.
3.Gül dəstəsi.
Bu, qış toylarının ən böyük problemlərindəndir. Belə ki, gül seçimi üçün geniş imkan olmur. Ya olanlarla kifayətlənməli, ya da bahalı gül dükanlarından sifariş verməlisiniz. Unutmayın: qırmızı və ya ağ qızılgüllərdən ibarət gəlinlik gül dəstəsini ilin istənilən fəslində, istənilən gül dükanından rahatlıqla əldə edə bilərsiniz.
4.Meyvə-tərəvəz.
Hamıya məlumdur ki, qışda meyvə-tərəvəzin qiyməti baha, keyfiyyəti isə şübhəlidir. Bu faktı nəzərə almaq lazımdır. Amma bir müsbət cəhət ondadır ki, qışda masanın üstünə əvvəlcədən düzülən salat və çərəzlər təzəliyini saxlayır, vaxtından əvvəl korlanmır.
5.Çovğun, tufan, qar…
Toy gününüzdə hava birdən pisləşə bilər, sakit yağan qarı yağış əvəz edə bilər, palçıq olar. Burada edə biləcəyiniz heç nə yoxdur. Toy günü havanın necə olması cütlüyün ailə həyatının necə keçməsindən xəbər verə bilər. Məsələn, sakit qar -xoşbəxt və firavan, külək - qeyri-stabil ailə həyatı, bərk şaxta - ər-arvadın ilk övladının oğlan olacağını göstərir.
6.Qrip.
Qışda qrip virusuna tutulma ehtimalı yüksək olduğundan, dəvət olunan qonaqların bir hissəsi toya gəlməyə bilər. Çiyinliksiz şəkil çəkdirən gəlin də evliliyinin ilk həftəsini xəstə yatağında keçirə bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: