Qırğızıstanda Rusiyadan 4 dəfə az, Gürcüstan və ya Ermənistandan isə 1,5 dəfə çox spirtli içki qəbul edirlər. ANS PRESS-in "24.kg" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, buna dair göstəricilər cümə axşamı Qırğızıstanın Hökumət Evində keçirilən iclas zamanı açıqlanıb. İclasın keçirilməsində məqsəd ölkənin alkoqol sahəsinin problemləri və perspektivlərini müzakirə etmək olub.
Son 5 ildə ölkədə ildə adambaşına düşən spirtli içki tələbatı dəyişməz qalıb. 2004-cü ildə bu göstərici adambaşına 4 litr təşkil edib. 2005-ci ildə bu rəqəm 4,1 litr, 2007-ci ildə 4,2 litrədək artıb. 2008-ci ildə isə analoji göstərici yenidən 2004-cü ildə qeydə alınan rəqəmə enib.
Bununla yanaşı son 20 ildə ən az alkoqol qəbulu 1995-ci ildə qeydə alınıb - 2 litr.
Rusiyada ildə adambaşına alkoqollu içki qəbulu 2008-ci ilin sonlarına olan məlumata görə, təqribən 18 litr, Belarusda 12,5 litr, Gürcüstan və Ermənistanda isə qeyri-rəsmi məlumatlara görə 1,5-3 litr təşkil edir. /ANS PRESS/