Qırğızıstanın yeni prezidenti Almazbek Atambayev ABŞ-a xəbərdarlıq etdi
01 Noyabr 2011 Çərşənbə Axşamı 14:16
Almazbek Atambayev Amerika hərbi bazasının ölkəsindən çıxarılmasını vacib hesab edir.
Qırğızıstanda oktyabrın 30-da keçirilən prezident seçkisində qalib gələn Almazbek Atambayev ABŞ hərbi bazasının respublika ərazisindən çıxarılmasını vacib hesab edir. Səslərin 63.24 faizini toplayaraq irəlidə olan Almazbek Atambaev seçkinin ilkin nəticələrinin açıqlanmasından sonra keçirdiyi ilk mətbuat konfransında bu bəyənatla çıxış edib. "Biz bilirik ki, ABŞ tez-tez hərbi münaqişədə iştirak edir. Əvvəlcə İraq, sonra Əfqanıstanda, indi isə İranla münasibətlər gərgindir. Mən hər hansı bir ölkənin bu hərbi bazaya qisas hücumu həyata keçirməsini istəməzdim. Mülki aeroport mülki obyektdir və elə də qalmalıdır. Bu, strategiya məsələsi deyil, bu sadəcə insani məsələdir və o, mülki aeroport olmalıdır." - Almazbek Atambayev belə deyib.
Almazbek Atambayev Qırğızıstanın bütün beynəlxalq razılaşmları nəzərə alacağını qeyd etsə də, bu bazanın yerləşdirilməsinə dair ABŞ-la razılaşmanın 2014-cü ildə başa çatmasından sonra onun Manasdan çıxarılmasının vacibliyini vurğulayıb. Bu qərarda heç bir siyasi motivin olmadığını deyən Almazbek Atambayev həmçinin bildirib ki, Qırğızıstan yükün Əfqanıstana daşınması üçün, çox güman ki, Rusiya ilə birlikdə tranzit mülki obyekt yarada bilər.
DOSTLARINLA PAYLAŞ: