Qırğızıstanın iki şəhərində fövqəladə vəziyyət elan olundu
11 İyun 2010 Cümə 10:20
Qırğızıstanın iki şəhərində fövqəladə vəziyyət elan olundu. Ölkədə vəziyyət yenidən gərginləşib.
Qırğızıstanın Oş və Uzgen şəhərlərində, həmçinin Oş vilayətinin Kara-Suy və Aravan rayonlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub. Müvəqqəti hökumət müvafiq qərarı iyunun 10-dan 11-nə keçən gecə ölkənin cənubunda yaranan vəziyyətlə əlaqədar çağırılan təcili iclasında qəbul edib.
Müvəqqəti hökumətin mətbuat xidmətinin rəhbəri Fərid Niyazovun məlumatına görə, fövqəladə vəziyyət rejimi 11 iyun tarixində 02:00-dan tətbiq olunub. Hazırda rejim çərçivəsində axşam saat 20:00-dan səhər saat 06:00-dək komendant saatı müəyyən edilib. Oş, Uzgen, Aravan və Kara-Suyun komendantı daxili işlər nazirinin birinci müavini Baktıbek Alımbekov təyin edilib.
Fövqəladə vəziyyət 20 iyunadək qüvvədə olacaq.
Hazırda Oş vilayətinə müvəqqəti hökumətin cənub regionu üzrə xüsusi nümayəndəsi İsmail İsakov, daxili işlər naziri Bolot Şer, komendant Baktıbek Alımbekov və digər rəsmilər sözügedən əraziyə gediblər.
Xatırladaq ki, dünən axşam Oşda gənclər arasında baş verən dava sonda qarşıdurmaya çevrilib. Daha sonra şəhərin mərkəzində yerləşən “Alay” mehmanxanasının qarşısına mindən artıq gənc toplaşıb. Bir neçə maşın yandırılıb, mağaza və kafelərin şüşələri sındırılıb.
Vəziyyətin nəzarətdən çıxdığını görən hüquq-mühafizə orqanları əməkdaşları kütləni dağıtmaq üçün silah tətbiq edib. Hazırda şəhərə zirehli texnika yeridilib. Səhər saat 4-ə olan məlumatlara görə, şəhərin bir neçə rayonunda vəziyyət gərgin olaraq qalmaqdadır. İlkin məlumatlara görə, qarşıdurma nəticəsində bir neçə nəfər yaralanıb, ölən yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: