Qırğızıstanda referendum keçirilir
27 İyun 2010 Bazar 10:15
Qırğızıstanda referendum keçirilir. Seçki bülletenlərində yalnız bir sual olacaq.
Bu gün Qırğızıstanda referendum keçirilir. Seçki dairələri ümumxalq səsverməsi üçün yerli vaxtla saat 08:00-dan açılıb. Gün boyu ölkə ərazisində 2281 seçki dairəsində səsvermə hüququ olan 2,7 milyon nəfər səs verə bilər. Bundan əlavə 36 dairə Qırğızıstandan kənarda fəaliyyət göstərəcək.
Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, artıq Uzaq Şərqdə yaşayan qırğızlar səsverməyə başlayıb, sabah isə Amerika Birləşmiş Ştatlarında yaşayan qırğızlar səs verəcək. Məlumatda bildirilir ki, Qırğızıstan ərazisində referendumu 31 ölkədən gəlmiş, 18 beynəlxalq təşkilatdan olan 189 beynəlxalq müşahidəçi izləyəcək. Referendumu işıqlandırmaq üçün 30 xarici kütləvi informasiya vasitələrindən 90-a yaxın jurnalist akkreditasiyadan keçib.
Seçki bülletenlərində vətəndaşlar qarşısında yalnız bir sual olacaq. “Qırğızıstan respublikasının konstitusiyasını və “konstitusiyanın qüvvəyə minməsi” barədə qanunu qəbul etməyə razısınızmı?”.
Qeyd edək ki, müvəqqəti hökümətin təklif etdiyi yeni konstitusiya layihəsi prezident hakimiyyətini azaldaraq Qırğızıstanı parlamentli idarə formasına malik dövlətə çevirir. Yeni əsas qanunun qəbul ediləcəyi təqdirdə parlament 120 deputatdan ibarət olacaq və partiya siyahısına əsasən təşkil olunacaq. Məhz parlament baş naziri seçəcək və höküməti təşkil edəcək. Ölkə prezidenti isə yalnız nümayəndəlik funksiyasını yerinə yetirəcək. Qırğızıstan prezidenti yalnız bir müddətə və 6 illik müddətə seçiləcək. Dövlət rəhbəri postuna alternativsiz namizəd kimi Roza Otunbayevanın namizədliyi irəli sürülüb. Əgər onun səlahiyyətləri referendumla təsdiq edilərsə il yarımdan sonra Otunbaeva dövlət rəhbəri funksiyalarından imtina etməli və qanuni prezident seçkilərinin keçirilməsini təmin etməlidir.
Seçicilərin istənilən fəallıq səviyyəsində referundum baş tutmuş sayılacaq. Seçkiyə gələn seçicilərin "50 faiz + 1 nəfər"i konstitusiya dəyişikliklərinin lehinə səs versə referundumun nəticələri qanuni hesab olunacaq.
Seçki dairələrində təhlükəsizliyi hüquq mühafizə orqanlarıın 7,5 min əməkdaşı qoruyacaq. Bütün seçki məntəqələri yerli vaxtla saat 20:00 da bağlanacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: