Qırğızıstanda ölənlərin sayı 80-ə çatıb
13 İyun 2010 Bazar 11:05
Xəstəxanalara ümumilikdə 1066 yaralı müracət edib.
Qırğızıstanda kütləvi toqquşmalar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. Bu barədə "AKİ Press" agentliyi" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Onlardan 8-i Cəlal-Abad şəhərində ölüb.

Oş və Cəlal-Abad şəhərlərindəki xəstəxanalara ümumilikdə 1066 yaralı müracət edib. Onıardan 608-i xəstəxanaya yerləşdirilib, 380 nəfərə isə ambulator yardım edilib.

Qrığızıstanın Oş şəhərində özbəklərlə qırğızlar arasında baş vermiş etnik münaqişə ölkənin cənub hissəsinə də yayılıb. Cəlal-Abaddakı Xalqlar Dostluğu Universitetinin qarşısında da toqquşmalar müşahidə edilir. Şahidlərin sözlərinə görə, kütləvi dava-dalaşda minə yaxın gənc iştirak edir və atəş səsləri eşidilir. Ehtimal edilir ki, milis dəstələri dalaşan tərəfləri dağıtmaq üçün silahdan və xüsusi vasitələrdən istifadə edir.

Bölgə administrasiyasının yaydığı xəbərə görə, toqquşmanın iştirakçılarının sayının çox olması səbəbindən insidentin miqyasını müəyyən etmək hələ ki qeyri-mümkündür. Yerli rəsmilər isə bildirir ki, şəhər ippodromunda 5 minə yaxın insan toplaşaraq Oş vilayətinə getmək üçün onlara avtobusların verilməsini tələb edib. Rədd cavabı aldıqdan sonra isə onlar küçələrə çıxaraq Xalqlar Dostluğu Univesitetinin binası qarşısına gedib və yerli özbək diasporasının rəhbəri Kadırcan Batırovun istefasını tələb edib. Nəticədə Batırovun tərəfdarları ilə etirazçılar arasında toqquşma baş verib.


Xatırladaq ki, Qırğızıstanın Cəlal-Abad şəhərində bölgə televiziyasının binasına od vurulub. Şəhər meriyasından bildiriblər ki, bina bir müddət əvvəl toqquşmaların baş verdiyi Xalqlar Dostluğu Universitetinin yaxınlığında yerləşir və qəsdən yandırılıb. Yerli hökümət orqanları və xüsusi bölmələr vəziyyəti nəzarət ala bilmir.

Artıq Rusiyanın Fövqaladə Hallar Nazirliyinə məxsus təyyarəsi Qırğızıstana gəlib. Əsas məqsəd ağır yaralıları paytaxt Moskvaya çatdırmaqdır. Qırğızıstandan Moskvaya 11 yaralının aparılması planlaşdırılır.

Qırğızıstanın Oş və Cəlal-abad rayonlarında baş verən etnik münaqişə ilə əlaqədar olaraq Avropa Komissiyası bu respublikaya humanitar yardım üzrə eksperti göndərməyi planlaşdırır. Avropa Birliyinin mətbuat xidmətinin yayıdığı məlumata görə, ekspertin əsas vəzifəsi Qırğızıstanda əhalinin əsas ehtiyaclarını müəyyən etmək olacaq.

Qırğızıstanın cənub paytaxtı Oşda isə gecə sakit keçsə də şəhərdə hələ bir neçə bina yanmaqda davam edir, şəhərdə hərbçilər patrulluq edir, bəzi yerlərdə isə hərbi blokpostlar yaradılıb. "Akipress" agentliyinin məlumatına görə, hələ ki hərbçilər mülki əhaliyə atəş açmayıb. Oş şəhərində hərbçilər yalnız xəbərdarlıq məqsədilə göyə tək-tək atəş açır. Cəlal-abadda isə 6-7 binanın gecə saatlarında hələ də yandığı bildilir. Bunların arasında olan "JTR" telekompaniyasının binası tamamilə yanıb. Şahidlərin sözlərinə görə, hər 5 dəqiqədən bir küçələrdə atəş səsləri eşidilir. Milis əməkdaşları isə ümumiyyətlə görünmür.

Birləşmiş Ştatlar Qırğızıstanda münaqişə tərəflərini sülhə çağırır. Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Kroulinin açıqladığı bəyanatda deyilir ki, Birləşmiş Ştatlar Qırğızıstandakı vəziyyəti diqqətlə izləyir və etnik zəmində zorakılıqların davam etdiyi Oş, eləcə də digər şəhərlərdə sülhü və ictimai asayişi tezliklə bərpa etməyə çağırır. Dövlət Departamenti eyni zamanda qarşıdurmaların qurbanlarına kömək edən və vəziyyəti sabitləşdirməyə çalışan BMT və ATƏT-in işinə dəstək olduğunu söyləyib. Bəyanatda o da bildirilir ki, ABŞ Qırğızıstanda olan vətəndaşlarını bu ölkənin səfirliyi ilə əlaqə saxlamasına və narahat vaxtlarda diplomatik missiyanın verdiyi məlumatları izləməyə çağırır.

Rusiya isə Qırğızıstanın bölgəyə sülhməramlı göndərilməsi xahişini qəbul etmir. Rusiya prezidenti Dmitri Medvedevin sözçüsü Natalya Timakova deyib ki, ölkəsi hazırkı şəraitdə Qırğızıstana hərbi müdaxilə edə bilməz. Onun sözlərinə görə, Rusiya bunu daxili münaqişə hesab edir. Lakin sözçü deyib ki, prezident Medvedev məsələnin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müzakirə edilməsinə dair göstəriş verib.

Qeyd edək ki, sabah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təhlükəsizlik şurası katiblərinin iclası keçiriləcək. Xatırladaq ki, Qırğızıstanın müvəqqəti hökuməti ölkənin ikinci şəhəri Oşda qanlı zorakılığa son qoymaq üçün qoşunlarını buraya səfərbər etməsi barədə Rusiyadan kömək istəyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar