Qırğızıstanda ölənlərin sayı 191 nəfərə çatıb
17 İyun 2010 Cümə Axşamı 10:05
İğtişaş qurbanlarının sayının artacağı gözlənilir.
Qırğızıstanın cənubunda qırğızlarla özbəklər arasında toqquşmalar nəticəsində ölənlərin sayı 191 nəfərə çatıb. Ölkənin Səhiyyə Nazirliyinin bu gün səhərə olan məlumatına görə, ümumilikdə 1,971 nəfər tibbi yardım üçün müraciət edib ki, onların da 957 nəfəri xəstəxanaya yerləşdirilib.

Qırğız hökuməti rəsmilərinin fikrincə, iğtişaş qurbanlarının sayı bir neçə dəfə çox ola bilər. Beynəlxalq təşkilatların hesablamalarına görə, münaqişə zonasını artıq 200 min qaçqın tərk edib. Oşda isə fövqaladə vəziyyət rejimi hökm sürür.

Qırğızıstandakı vəziyyət ATƏT-in Avstriya paytaxtı Vyanada keçirilən təhlükəsizlik sahəsində problemlərin icmalına dair illik konfransında da müzakirə olunub. ATƏT-in daimi şurasının Qırğızıstanla bağlı qəbul etdiyi bəyanatda bildirilir ki, qurum qırğız tərəfdaşlarına öz yardım əlini uzatmağa hazırdır və təşkilatın sonrakı rolu real tələbatlarla ölçüləcək. Bununla yanaşı NATO, Avropa İttifaqı və BMT-nin də Qırğızıstandakı xüsusi nümayəndələri təcili olaraq ictimai asayişin bərpası, milli barışığın əldə edilməsi, iqtisadi və sosial təzminatın verilməsi üzrə birgə fəaliyyət planı hazırlayıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar