Qırğızıstanda iğtişaş zamanı 12 nəfər ölüb
11 İyun 2010 Cümə 10:40
Qırğızıstanda iğtişaş zamanı 12 nəfər ölüb. Xəsarət alanların sayının isə 126 olduğu bildirilir.
Qırğızıstanın müvəqqəti höküməti cənubda yerləşən Oş şəhərində fövqəladə vəziyyət elan edib. Ən son məlumatlara görə, Oşda toqquşmalar nəticəsində 12 nəfər ölüb. Xəsarət alanların sayının isə 126 olduğu bildirilir. Onlardan 10 nəfərinin vəziyyəti ağırdır.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Yaralıların vəziyyəti ağır olduğu üçün həkimlər ölənlərin sayının artacağını istisna etmirlər.

Qeyd edək ki, Qırğızıstanda yaranan gərginlik ötən gün axşam saatlarından daha da kəskinləşməyə başlayıb. Ölkənin müvəqqəti hökumət başçısı Roza Otunbayeva Oş şəhərində fövqəladə vəziyyətin və komendant saatının tətbiq edilməsinə qərar verib. Oşda yaranan hadisə şahidlərinin sözlərinə görə, şəhərə ağır texnika yeridilib. Şəhərdə vəziyyətin hələ də sabitləşmədiyi bildirilir. Bütün gecə şəhər küçələrində güllə və həyəcan siqnalı səslərinin eşidildiyi, avtomobillərin və bir neçə binanın da yandığı xəbər verilir. Telestudiya binasına da hucüm edilib. Oş şəhərində baş verən hadisələrlə bağlı görüntülər yalnız mobil telefonlara çəkilən kadrlardan ibarətdir.

Yaranmış gərginliklə əlaqədar olaraq, müvvəqəti hökumət başçısı Roza Otanbayeva əhaliyə müraciət edib. O, insanları təxribata uymamağa çağırıb. Qırğızıstanda yaranan siyasi gərginlik bu gün Daşkənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının iclasında da müzakirə ediləcək.

Qeyd edək ki, axşam saatlarında əvvəlcə “Alay” mehmanxanasının qarşısında gənclər arasında kütləvi dava düşüb. Bundan bir qədər sonra isə elə həmin ərazidə kütləvi iğtişaşlar, talanlar və yanğınların baş verməsi barədə məlumatlar daxil olmağa başlayıb. Məlumata görə, bir qrup gənc əllərindəki taxtalarla mağazaların vitrin və pəncərələrinin şüşələrini sındırmağa başlayıblar. Küçədə özbək və qırğız dilində qışqıran adamlar olub. Sonra çoxsaylı atəş səsləri eşidilib. Oş şəhərinin küçələrində bir neçə minik maşını yandırılıb. Oşa zirehli texnika yeridilib. Qırğızıstanın müvəqqəti höküməti baş verənlərlə bağlı komendant saatı tətbiq edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar