Qırğızıstanda həbs edilmiş azərbaycanlının vəziyyəti ağırlaşıb
28 İyul 2010 Çərşənbə 11:30
Qırğızıstanda həbs edilmiş Böyük Britaniya vətəndaşı, “Flexi Communications” özəl PR agentliyinin sahibi, azərbaycanlı Vüqar Xəlilovun vəkili Artyom İvanov Böyük Britaniyanın, Almaniyanın Bişkekdəki səfirliklərinə, BMT-nin, Avropa Birliyinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu ölkədəki nümayəndəliklərinə müraciət edib.
V. Xəlilovun qardaşı Azər Xəlilovun APA-ya verdiyi məlumata görə, vəkil müdafiəçisi olduğu şəxsin müayinəsi üçün beynəlxalq həkim konsiliumunun keçirilməsi və onun xaricdə müalicəsi üçün təcili tədbirlər görülməsinin istəyib.
A. İvanov bildirib ki, V. Xəlilov bu il aprelin 12-də çirkli pulların leqallaşdırılması kimi əsassız ittihamla Bişkekdə həbs edilib: “Vaxtında tibbi yardım göstərilməməsi nəticəsində onun səhhəti ciddi şəkildə pozulub, ürək funksiyalarının pozulması da daxil olmaqla, sağlamlığına və həyatına təhlükə törədən xəstəliklər yaranıb. Vüqar Xəlilov yalnız vəziyyəti ağırlaşdıqdan sonra xəstəxanaya aparılıb”.
Azər Xəlilov da öz növbəsində xarici audit şirkətlərindən birinə müraciət edərək “Flexi Communications” şirkətinin müstəqil və obyektiv yoxlanışının həyata keçirilməsini istəyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: