Qırğızıstan prezidentliyiə 80 iddiaçı var
16 Avqust 2011 Çərşənbə Axşamı 02:19
Namizədlərin irəli sürülməsi üçün verilmiş müddət başa çatdı
Qırğızıstanda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində namizədlərin irəli sürülməsi prosesi başa çatdı. Bu barədə məlumatı Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndəsi verib.
Qırğızıstanda prezident seçkiləri oktyabrın 30-una təyin olunub. Bu, ötən ilin aprelindəki dövlət çevrilişi və Kurmanbek Bakiyevin devrilməsindən sonra hakimiyyətin legimitimləşdirilməsi üçün növbəti mərhələ olacaq. Hazırda ölkəyə keçid dövrünün prezidenti Roza Otumbayeva rəhbərlik edir və onun səlahiyyət müddəti dekabrın 31-də başa çatır.
Ölkənin ali vəzifəsində 80 nəfər iddia edir. Onların mütləq əksəriyyəti namizədliklərini müstəqil şəkildə irəli sürənlərdir. İddiaçılar arasında “ağır çəkili” siyasətçilər də var. Məsələn, baş nazir, Sosial Demokrat Partiyasının lideri Almazbek Atambayev, parlament müxalifətinin nümayəndəsi, sosialistlərin lideri, Omurbek Tekebayev, Bişkekin keçmiş meri Nəriman Tuleyev, millətçi bəyanatları ilə tanınan keçmiş fövqəladə hallar naziri Kamçibek Taşiyev kimi. Prezidentlik iddiasında olanlar arasında onlarla işsizə də rast gəlmək mümkündür.
MSK təqdhim olunan sənədləri yoxladıqdan sonra seçki prosesinə buraxılacaq şəxslərin dəqiq sayı bəlli olacaq.
Namizədlik üçün müraciət edənlər sentyabrın 25-inədək 100 min som (təxminən 2500 dollar) məbləğində girov qoymalı və 30 min vətəndaşın imzasını toplamalıdır. Bundan başqa, iddiaçılar dövlət dilindən imtahat verməli və azı 15 ildir Qırğızıstan vətəndaşı olduğunu sübut etməlidir. Yalnız bundan sonra onlar rəsmən prezidentliyə namizəd olacaqlar. Daha sonra təşviqat mərhələsi başlacaq və oktyabrın 29-unadək davam edəcək.
DOSTLARINLA PAYLAŞ: