Qırğızıstan hökuməti komendant saatının müddətini azaltdı
21 İyun 2010 Bazar Ertəsi 10:35
Fövqəladə vəziyyət isə iyunun 22-ə qədər davam edəcək.
Cəlalabad vilayətinin komendantı kütləvi iğtişaşların baş verdiyi bu bölgədə tətbiq olunan komendant saatının müddətini azaltmaq qərarına gəlib. Bu barədə Müvəqqəti Hökumətin mətbuat xidmətinə istinadən Ria Novosti agentliyi məlumat verib.
Xatırladaq ki, iyunun 11-də gecə Qırğızıstanın cənubunda yerləşən Oş şəhərində yaşayan qırğızlar və özbəklər arasında qarşıdurma olub. Həftə ərzində talan, soyğunçuluq halları baş verib və yaşayış evləri yandırılıb. Nəticədə hökumət Oş və Cəlalabad ərazisində fövqəladə vəziyyət elan edib və axşam saat 18.00-dan səhər saat 06.00-a qədər komendant saatı tətbiq edilib.
“Artıq komendant saatının müddətinin saat 22.00-dan 05.00-a qədər qısaldılması haqqında qərar qəbul olunub”. Bu barədə də agentlik xəbər yayıb.
Onu da qeyd edək ki, Cəlalabad vilayətində fövəqladə vəziyyət iyunun 22-ə qədər davam edəcək. Əvvəlcə hökumət Oş ərazisində fövqəladə vəziyyətin 25 iyuna kimi davam etməsi barədə qərar qəbul etmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: