Qəzza zolağına rəhbərlik edən şəxs Moskvaya gedib
08 Fevral 2010 Bazar Ertəsi 17:20
Qəzza zolağına rəhbərlik edən Xaled Maşaal Serqey Lavrovla görüşüb
Qəzza zolağına rəhbərlik edən radikal "Həmas" Fələstin qruplaşmasının siyasi bürosunun rəhbəri Xaled Maşaal Moskvaya gəlib. Xaled Maşaal səfər çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Fələstin qruplaşmaları arasında dialoqun perspektivləri, Yaxın Şərq münaqişəsinin həlli prosesinin gedişi və Qəzza zolağında son vəziyyət müzakirə olunub. Görüşün sonunda "Həmas"ın beynəlxalq məsələlər üzrə nümayəndəsi Osama Həmdan Yaxın Şərq münaqişəsinin həllinə yeni yanaşmaların tapılmasında Rusiya ilə əlaqələrin davam etdiriləcəyinə ümid etdiklərini bildirib.

"Biz nəinki müzakirələri davam etdirmək, həm də əsas problemlərə yeni yanaşmalar tapmağa ümid edirik", deyə "Həmas" nümayəndəsi bildirib.

"Həmas" nümayəndəsi Rusiyanın Fələstin muxtariyyatında sülh prosesini dəstəkləməyi vəd etdiyini və bunun fələstinlilər üçün çox vacib olduğunu deyib. Eyni zamanda rusiyalı diplomatların "Fəth" və "Həmas" Fələstin qruplaşmalarının barışması üzrə səyləri yenə də uğurla nəticələnməyib. Belə ki, "Həmas"ın nümayəndəsi Moskvada bir daha bəyan edib ki, hərəkat Mahmud Abbasın hakimiyyətini tanımır.

"Barışıq əldə olunduqdan sonra Fələstində seçki keçiriləcək və hakimiyyətdə kimin olacağını görəcəyik", deyə Osama Həmdan qeyd edib.

Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və BMT ilə birlikdə Yaxın Şərq münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə kvartetə daxil olan Rusiya bu münaqişənin həlli ilə bağlı danışıqların tezliklə bərpasının tərəfdarı olduğunu bəyan edib.

Xatırladaq ki, İsrail və Fələstin tərəfləri arasında 2007-ci ilin noyabrında bərpa olunan sülh danışıqları 2008-ci ilin dekabrında İsrail qüvvələrinin Qəzzaya hücumundan sonra dayandlırılıb. Ancaq Fələstin hərəkatları arasında birliyin olmaması da bu prosesə mənfi təsir göstərir. Fələstin lideri Mahmud Abbas da yanvarda Moskvaya işgüzar səfər etmişdi. Həmin səfər zamanı da Yaxın Şərq probleminin həlli nöqteyindən iki fələstin hərəkatı arasında barışıq məsələsi müzakirə mövzusu olmuşdu. "Həmas" lideri Xalid Maşaal isə Moskvada sonuncu dəfə üç il əvvəl olub.

İki nəhəng Fələstin hərəkatı arasında münasibətlər 2006-cı ildə korlanıb. Onların arasında ziddiyyətlər isə "Həmas"ın parlament seçkisində uğuru və 2007-ci ildə Qəzza zolağında hakimiyyəti ələ keçirməsindən sonra daha da kəskinləşib. Həmin vaxtdan Fələstin Milli Administrasiyasının nümayəndələri Qəzza zolağından çıxarılıb və Mahmud Abbasın rəhbərliyi yalnız İordan çayının qərb sahili regionu ilə məhdudlaşıb. "Həmas" liderləri isə Qəzza zolağını Suriya ərazisindən idarə edirlər. Misir rəhbərliyinin ötən ilin oktyabrında hazırladığı Fələstin daxilində barışıq razılaşmasını isə "Həmas"ın imzalamaması nəticəsində bu məsələ hələ də açıq qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar