Qərb Hörmüz boğazına çarə tapdı
07 Yanvar 2012 Şənbə 16:20
İran boğazı bağlasa, İttifaq dövlətləri sutkada 14 mln barel neft tədarük edəcək.
İranın Hörmüz boğazını bağlamaq xəbərdarlığı bir sıra neft idxal edən ölkələri narahat edib. Bununla bağlı artıq bir sıra neft idxal edən ölkələr gizli məsləhətləşmələr keçirib. BBC yazır ki, danışıqlarda hətta Beynəlxalq energetika agentliyi də iştirak edib. Tərəflər İranın Hörmüz boğazını bağlayacağı təqdirdə birgə tədbirlər görmək haqda məsləhətləşmələr keçirib.
Məlum olub ki, danışıqların sonuncu mərhələsi ötən cümə axşamı olub. Həmin danışıqlarda Hörmüz boğazında vəziyyət kəskinləşəcəyi təqdirdə ABŞ, Avropa İttifaqı ölkələri və Yaponiya strateji ehtiyatlarından dünya bazarlarına 10 milyon barel neft və 4 milyon barel benzin, dizel, avtomobil yağları ayrılacağına dair planlar müzakirə olunub.
Beynəlxalq Energetika Agentliyinə əsasən, bu proqram 30 sutka ərzində fəaliyyət göstərəcək.
Hörmüz boğazından sutkada 16-17 milyon barel neft daşıyan tankerlər keçir.
DOSTLARINLA PAYLAŞ: