Qəddafinin oğlu Zintan şəhərində saxlanacaq
20 Noyabr 2011 Bazar 15:59
İnsan haqları müdafiəçiləri ona qarşı humanist davranış tələb edirlər.
Liviyanın Zintan şəhərinin sakinləri Seyf əl-İslam Qəddafinin həbs edilməsi ilə əlaqədar bayram əhval-ruhiyyəsindədir. Devrilmiş lider Müəmmər Qəddafinin ikinci oğlu dünən ölkənin cənubundakı Ubari ərazisində Nigerə qaçmağa çalışarkən ələ keçirilib.

Seyf əl-İslamın Tripoliyə aparılaraq müvəqqəti hökumətə təhvil veriləcəyi, yoxsa Niderlanda aparılaraq Beynəlxalq Cinayət Məhkəməsində mühakimə ediləcəyi hələ sual altındadır. Liviyalılar bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunan Seyf əl-İslam Qəddafinin elə Liviyada da mühakimə olunmasını istəyirlər. Zintan hərbi şurasının başçısı polkovnik Məhəmməd əl-Xabaş bildirib ki, Seyf əl-İslam Qəddafi Liviyada məhkəmə sistemi qurulanadək Zintan şəhərində saxlanılacaq.

Kütləvi-informasiya vasitələrində isə 39 yaşlı Seyf əl-İslamın ələ keçirilərkən çəkilmiş şəkli geniş yayılır. Şəkildə onun əlinin 3 barmağının sarıqlı olduğu görünür. Qəddafini ələ keçirən üsyançı qrupun mətbuat nümayəndəsi Usama Cüvaid Seyf əl-İslamın barmaqlarından çoxdan, NATO aviazərbəsi nəticəsində yaralandığını, hazırda isə vəziyyətinin yaxşı olduğunu bildirib. Hazırda Liviyada vətəndaş müharibəsi zamanı törədilən cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinin axtarışında bircə sabiq kəşfiyyat rəhbəri Abdulla əl-Sənussi qalır. İndii liviyalıların da diqqət mərkəzi yaxın bir neçə gün ərzində formalaşdırılması gözlənilən yeni hökumətə yönəlib.

Bu arada, insan haqları müdafiəçiləri Seyf əl-İslama qarşı humanist davranılmasını tələb edir. Oktyabrın 20-də sabiq Liviya lideri Müəmmər Qəddafinin və oğlu Mütəssimin öldürülməsindən və meyitlərinin ictimaiyyət önündə təhqir olunmasından sonra dünya ictimaiyyəti Seyf əl-İslamın aqibətindən dolayı narahatlıq ifadə edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar