Qəddafinin oğlu vəkildən imtina edir
17 May 2012 Cümə Axşamı 12:14
Seyf əl-İslam məhkəmədə özü müdafiə olunmaq istəyir.
Liviya rəhbərliyi devrilmiş lider Müəmmər Qəddafinin oğlu Seyf əl-İslama qarşı məhkəmə prosesini başlaya bilmir. Buna səbəb kimi Seyf əl-İslam Qəddafinin vəkillərlə əməkdaşlıq etməkdən imtina etməsi göstərilir. «Seyf əl-İslam ona təyin olunan vəkillərdən imtina edir və bu fakt Liviya rəhbərliyini çətin vəziyyətə salır, çünki ölkə qanunlarına görə, onu vəkil olmadan mühakimə etmək qadağandır, özünün kimisə vəkil tutmasına isə maneə törədilmir» - Liviyanın BMT-dəki daimi nümayəndəsi İbrahim Dabbaşinin müavini BMT Təhlükəsizlik Şurasının iclasında belə deyib.
Qeyd edək ki, daha əvvəl Haaqada Beynəlxalq Cinayət Məhkəməsində də Seyf əl-İslam Qəddafiyə vəkil təyin olunmuşdu. Lakin Liviya rəhbərliyi devrilmiş liderin oğlunu Haaqaya təhvil verməkdən imtina etmişdi. Qəddafinin oğlu məhkəmədə Slobodan Miloşeviç kimi vəkilsiz müdafiə olunacağını bəyan edib.
Bu arada, mütəxəssislər qeyd edirlər ki, Beynəlxalq Cinayət Məhkəməsi Seyf əl-İslamın Haaqaya təhvil verilməsinə nail olmağa çalışarkən, Tripoli hələ də onu keçmiş döyüşçülərin əlindən almağa müvəffəq ola bilmir. Qeyd edək ki, Qəddafinin oğlu ötən ilin noyabrında üsyançılar tərəfindən ələ keçirilib və Zintan şəhərinə aparılaraq, gizli həbsxanada nəzarət altında saxlanılır.
Liviya məhkəməsi bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunan Seyf əl-İslamın günahı sübuta yetirilərsə, onu edam cəzası gözləyir.
DOSTLARINLA PAYLAŞ: