Qəddafinin kiçik oğlu sağdır?
22 Noyabr 2011 Çərşənbə Axşamı 14:32
Xamis Qəddafinin ölmədiyi barədə məlumatı onun böyük qardaşı Seyf əl-İslam verib.
Sabiq Liviya lideri Müəmmar Qəddafinin ikinci oğlu Seyf əl-İslamın həbs olunması kadrları yayılıb. Onun ələ keçirilməsinin ilk saatlarını əks etdirən kadrlarda sağ əlinin 3 barmağının sarıqlı olduğu görünür. Seyf əl-İslam üzünün ifadəsi ilə ağrıdan əziyyət çəkdiyini gizlətmir. Milli Keçid Şurasının məlumatına görə, Seyf əl-İslam bu zədəni bir müddət əvvəl NATO aviazərbəsi nəticəsində alıb. Seyf əl-İslam noyabrın 19-da Liviyanın cənubunda, Nigerə qaçmağa çalışarkən həbs edilib. O, Liviyada vətəndaş müharibəsi zamanı bəşəriyyətə qarşı cinayətlər törətməkdə ittiham olunur. Beynəlxalq Cinayət Məhkəməsi Seyf əl-İslamın Haaqada mühakimə edilməsini istəsə də, Milli Keçid Şurası onu təhvil verməkdən imtina edib və sabiq liderin oğlunun öz vətənində mühakimə olunacağını bəyan edib.
Bu arada, dünya kütləvi-informasiya vasitələrində yayılan məlumata görə, Müəmmar Qəddafinin kiçik oğlu Xamis əslində ölməyib və Liviyadadır. Liviya Milli Keçid Şurası yaxın zamanlarda onu həbs etməyə ümid edir. Öldüyü ehtimal edilən Xamis Qəddafinin sağ olması barədə məlumatı isə Milli Keçid Şurasına Qəddafinin digər oğlu Seyf əl-İslamın verdiyi bildirilir. Müvəqqəti hökumətin kəşfiyyat xidmətləri Xamisin Tripolidən 90 kilometr aralıda, Tarxuna şəhərində gizləndiyini müəyyənləşdirib. Daha əvvəl Milli Keçid Şurası dəfələrlə Xamis Qəddafinin ölümü barədə məlumat yaymışdı. Hərbçi olan 28 yaşlı Xamis Tripolidə hərbi akademiyanın məzunu olduqdan sonra Moskvada Frunze adına hərbi akademiyanı bitirib.
DOSTLARINLA PAYLAŞ: