Qəddafi qoşunları Misrat şəhərini ələ keçirib
22 Mart 2011 Çərşənbə Axşamı 09:11
Qəddafi qoşunları Misrat şəhərini ələ keçirib. Liviyanın qərb və şərqində qanlı döyüşlər davam edir.
Koalisiya qüvvələrinin Müəmmar Qəddafi qoşunlarının mövqelərinə aviazərbələr endirməsi və Liviyanın hava məkanında uçuşsuz zonanın tətbiq edilməsinə baxmayaraq, ölkənin qərb və şərqində üsyançılarla hökumət qüvvələri arasında döyüşlər davam edir.
ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, paytaxt Tripolidən 200 km. şərqdə yerləşən Misrat şəhərindən gələn məlumatlara əsasən, polkovnik Qəddafiyə sadiq hərbçilər orada ən azı 9 nəfəri qətlə yetiriblər.
“Əl-Ərəbiyyə”telekanalının məlumatına görə, şəhər əməli olaraq Qəddafi qüvvələrinin nəzarəti altındadır.
Qeyd edək ki, Misrat Liviyanın qərbində yerləşən və müxalifətin nəzarəti altında olan faktiki yeganə iri şəhərdir.
Yerli sakinlər bildirirlər ki, hökumət qüvvələri şəhərə gedən su kəmərini bağlayaraq Misratı su təchizatından məhrum ediblər.
Bu ərəfədə Liviyanın şərqində yerləşən Benqazi şəhərinə nəzarəti hələ də əllərində saxlayan üsyançılar Qəddafi qoşunları ilə döyüşə giriblər. Döyüş zamanı hökumət qüvvələri ağır zirehli texnikadan istifadə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: