Bu gün İtaliyaya səfər edən Liviya prezidenti Müammər Qəddafi italyanları qəzəbləndirdi. CNN Türk-ün məlumatına görə, Qəddafi Romada rəsmi qarşılanarkən sinəsinə müstəmləkə dövründə İtaliya işğalına müqavimət göstərən liviyalı müqavimətçi Ömər Muxtarın fotoşəkilini sancıb.
Müstəmləkə dövrünə görə, liviyalılardan ötən il üzr istəyən və təzminat ödəyən italyanlar isə tarixin bu səhifəsinin yenidən açılmasına əsəbləşiblər. Ancaq Qəddafi reaksiyalara baxmayaraq, Ömər Muxtarın oğlu Məhəmməd Ömər Muxtarı da özü ilə birgə İtaliyaya gətirib. Qəddafi İtaliya Respublika başçısı Corcio Napolitanonun qarşısına da eyni fotoşəkil ilə çıxıb.
İtaliya müxalifəti isə baş verənlərə sərt reaksiya göstərib. Etirazlarala əlaqədar olaraq Liviya liderinin bu gün Senatda edəcəyi çıxış ləğv edilib. Bəzi İtaliya vətəndaşları isə Qəddafiyə etiraz etmək üçün küçələrə axışıb.
Qeyd edək ki, fotoşəkildə Ömər Muxtar İtaliya əsgərlərinin arasında əlləri zəncirli halda görünür. Ömər Muxtarı əsir götürən İtaliya əsgərləri isə gülür.
Xatırladaq ki, Liviya İtaliya müstəmləkəsi olarkən işğala qarşı çıxanların lideri Ömər Muxtar idi. "Səhra Aslanı" ləqəbli Muxtar 1931-ci ildə italyanlar tərəfindən edam edilib. Müstəmləkə dövrü 1943-cü ildə bitsə də, Muxtar livyalılar üçün müstəmləkəçi güclərə müqavimətin simvoludur.
Xatırladaq ki, İtaliya 1911-1947-ci illərdə müstəmləkəsi olan Liviyadan üzr istəyib və əvəzində təzminat ödəyib. Amma mövzunun bir daha bu şəkildə ifadə edilməsi onları qəzəbləndirib. /ANS PRESS/