Etirazçılar Şepte dəmir yolu stansiyasında qatarın yolunu kəsərək hərəkəti dayandırıb.
Qazaxıstanın Janaozen şəhərində son iki gündə baş vermiş iğtişaşlarda ölənlərin sayı 11-ə çatıb. Müxalifət isə ölənlərin sayının 70-dən az olmadığını bildirib. Ölkə prezidenti Nursultan Nazarbayev Janaozen şəhərində yanvar ayının 5-nə kimi fövqəladə vəziyyət elan edib. Şəhərə giriş məhdudlaşdırılıb və bütün bu günlər ərzində gecə saat 23:00-dan səhər saat 07:00-a kimi komendant saatı tətbiq ediləcək. Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş vermiş hadisələrə görə bir qrup təxribatçını günahlandırıb.
“Dünən bir qrup cinayətkarın fəaliyyəti nəticəsində bayram mərasimində kütləvi iğtişaşlar baş verdi. Düşünürəm ki, neft işçilərinin işlərilə bağlı anlaşılmazlıqlar cinayətkar qrupun əməllərilə bərabər tutula bilməz. İğtişaşları törədən cinayətkarlar vəziyyətdən öz xeyirləri üçün istifadə etmək istəyirdilər. Cinayətlərin arxasında kimlərin olduğunu və bunu kimlərin maliyyələşdirdiyini müəyyənləşdirəcəyik” – deyə Nursultan Nazarbayev vurğulayıb.
Rəsmilərin sözlərinə görə isə şəhərdə vəziyyət artıq nəzarət altına alınıb. Lakin bəzi yerlərdə hələ də telefon və internet əlaqələrinin bərpa olunmadığı bildirilir. İnternet istifadəçilərinin məlumatına görə, Qazaxıstan höküməti informasiyanın yayılmasının qarşısını almaq məqsədilə bu cür tədbirlərə ələ atıb.
Prezident N.Nazarbayevin məsləhətçisi paytaxt Astanada keçirilən mətbuat konfransında bildirib ki, baş vermiş hadisələrin araşdırılması üzrə Daxili İşlər Nazirliyinin rəhbərliyilə genişmiqyaslı əməliyyat-istintaq işləri aparılır. Baş Prokurorluqdan verilən məlumata görə isə iğtişalar nəticəsində bir hökümət binası, bir mehmanxana və “Ozenmunayqaz” şirkətinin binası yandırılıb.
Qeyd edək ki, ötən gün Qazaxistanda yeni bir iğtişaş baş verib. Ölkənin Manqistau vilayətində bir qrup şəxs Şeptə dəmir yolu stansiyasında qatarın yolunu kəsərək dəmir yolunda hərəkəti dayandırıb. Ölkənin Baş Prokurorluğunun məlumatına görə, qatarın içərisində 300-ə qədər insan olub. İğtişaşçılar isə insanları Janaozendəki hadisələrin iştirakçılarına dəstək verməyə çağırıblar. Nəticədə dəmiryolunda hərəkət dayanıb, iğtişaşçıların qatarlara yandırıcı maye dolu şüşələr atdığı bildirilir. Toqquşmalar Şepte qəsəbəsinə də keçib. Təhlükəsizlik qüvvələri iğtişaşçılara qarşı silah tətbiq edib. Nəticədə 12 nəfər yaralanıb,1 nəfər ölüb.