Qazaxıstanda iğtişaşlarda 25 nəfərin öldüyü bildirilir
17 Dekabr 2011 Şənbə 10:53
Janaozen şəhərinin mərkəzi meydanında gərginlik yaradan 70 nəfər həbs edilib.
Beynəlxalq hüquq-müdafiə təşkilatı "Human Rights Watch" Qazaxıstan rəhbərliyini Janaozen şəhərində asayişin bərpa edilməsində insan haqları normalarına riayət etməyə və baş verən hadisələrin obyektiv araşdırılmasına çağırıb. "Polis hətta asayişi bərpa etməyə çalışarkən belə həddindən artıq güc tətbiq etmədən bunu etməlidir" - təşkilatdan bunu bildiriblər.

Xatırladaq ki, dünən Qazaxıstanın Manqıstau vilayətinin Janaozen şəhərində kütləvi iğtişaşlar nəticəsində azı 10 nəfər ölüb, 75 mülki şəxs xəsarət alıb. Bundan başqa, 6 polis əməkdaşının da xəsarət aldığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. İnzibati binalar, mehmanxanalar, "Ozenmunayqaz" neft şirkətinin binalarından biri və avtomobillər yandırılıb. İğtişaşlar meydanda müstəqillik günü qeyd edilərkən dəmir və dəyənəklə silahlanmış izdihamın meydana daxil olması və polisin onların qarşısını almağa çalışması nəticəsində baş verib.

"Fərqanə" agentliyinin məlumatına görə, Janaozen şəhərində kütləvi iğtişaşlar hələ də davam edir. Bununla yanaşı, Manqıstau vilayətinin mərkəzi olan Aktau şəhərində də polisin dinc nümayişçiləri həbs etdiyi bildirilir. Nümayişçilərin sözlərinə görə, dekabrın 16-sı axşam iğtişaşlarda ölənlərin sayı artıb. Respublika prokurorluğu 10 nəfərin öldürüldüyünü bildirsə də, qeyri-rəsmi məlumatlara görə, ölənlərin sayı 25 nəfərə çatıb.

"Şaxtalı havaya baxmayaraq, insanlar meydandan getmək niyyətində deyil, onlar meydana axışırlar, atışma da davam edir" - "Fərqanə" agentliyi şahidlərdən birinə istinadən yazır.

60 min nəfər əhalisi olan şəhərdə etiraz aksiyasının ciddi miqyas aldığı bildirilir. Polis asayişi bərpa etmək üçün bütün tədbirləri səhərə saxlayıb. Hazırda Janaozen şəhərinin tamamilə nümayişçilərin əlində olduğu bildirilir. Yerli sakinlər ticarət obyektlərinə və mağazalara hücum faktlarından danışırlar. Janaozenə Karaqanda və Almatı şəhərlərindən güc strukturlarının cəlb edilməsi barədə təsdiqlənməmiş məlumatlar da var. Arıtau şəhərindən OMON-çular artıq Janaozenə gəliblər. Arıtauda çıxan "AJ" qəzetinin yazdığına görə, OMON-çular ötən gecə Janaozenin "Intımak" meydanına gələrək, burada toplaşan nümayişçilərə travmatik silahdan atəş açıblar, nəticədə 4 nəfər yaralanıb, 1 nəfər ölüb.

Prezident Nursultan Nazarbayevin göstərişi ilə Qazaxıstanın daxili işlər naziri Kalmunaxbet Kasımovun rəhbərlik etdiyi xüsusi komissiya Janaozenə gəlib. Nazir şəhərdə vəziyyətin normallaşdığını, iğtişaşları yaradanlardan 70 nəfərin həbs olunduğunu və hazırda mərkəzi meydanda heç kimin olmadığını bildirib.

Bu gün Almatı şəhərində də insanların mərkəzi meydana çıxacağı gözlənilir. Janaozen nümayişçilərinə həmrəylik nümayiş etdirmək üçün milli-vətənpərvərlər partiyası və sosial müqavimət hərəkatı da meydana çıxacağını bəyan edib.

Xatırladaq ki, Manqıstau vilayətində iki neft şirkətinin əmək haqqından və iş şəraitindən narazı olan yüzlərlə işçisi tətil edir. Həmin şirkətlərin 2 minədək əməkdaşı isə işdən azad edilib. Tətil edən neftçilərin liderlərinə qarşı siyasi motivlər üzrə inzibati iş və cinayət işi açılıb. Tətilçilər və onları dəstəkləyən müxalifət fəallarının isə təqib olunduğu və hədələrlə üzləşdiyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar