Qazaxıstan təkzib edir
30 Dekabr 2009 Çərşənbə 12:10
Qazaxıstan təkzib edir. Rəsmi Astana MAQATE xaricində uran satışını inkar edir.
Qazaxıstan İranda uran satmağı planlaşdırmayıb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Erjan Aşikbayev bildirib.
“Qazaxıstan MAQATE-nin bütün tələblərinə şərtsiz riayət edir və bu yolla MAQATE xaricində heç bir uran satışından söhbət gedə bilməz”, deyə Aşikbayev qeyd edib. O əlavə edib ki, yaxın zamanlarda Qazaxıstan Xarci İşlər Nazirliyi bununla bağlı rəsmi bəyanat verəcək.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin xüsusi xidmətləri tərəfindən hazırlanmış hesabatda bildirilir ki, İran nüvə proqramının reallaşdırılmasının davam etdirilməsi üçün zənginləşdirilmiş uranla təminatla bağlı Qazaxıstanla razılaşmaya yaxındır. Nüvə silahlarının yayılmaması barədə müqaviləni imzalayan ölklərdən birindən alınmış məlumata görə, bu iki ölkə İrana 1350 ton zənginləşdirilmiş uran konsentratının çatdırılması barədə gizli razılığa gəlib. İran uranın hər partiyasına görə təxminən 450 milyon dollar ödəmək öhdəliyi götürüb. O da məlumdur ki, iki ölkə arasında sövdələşmə yaxın həftələr arasında rəsmiləşdirilə bilər.
Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri bir müddət əvvəl İranın uran ehtiyatının tükənməkdə olması barədə xəbərdarlıq etmişdilər və bildirmişdilər ki, Tehran nüvə proqramının davam etdirilməsi üçün yeni uran mənbələri axtara bilər. Hazırda İranın nüvə obyektləri 20-ci əsrin 70-ci illərində Cənubi Afrikadan gətirilmiş xammalla işləyir. Lakin 2008-ci ilə olan məlumata görə, Tehran mövcud ehtiyatların üçdən ikisini sərf edib.
BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, hazırda vəziyyətin aydınlaşdırılması üçün Qazaxıstan hökuməti ilə danışıqlar aparılır. Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatında bildirilir ki, Qazaxıstan hökumətinin sövdələşmədəki rolu hələlik müəyyən edilməyib. Bütün ilkin danışıqlar məmurlar vasitəsilə həyata keçirilib. “Kazatomprom” şirkətinin Qazaxıstandakı və Moskvadakı filialları məsələyə aydınlıq gətirməyib.
Hesabat müəlliflərinin fikrincə, 1350 ton urandan nəzəri cəhətdən 150 nüvə başlığı hazırlamaq mümkündür. Lakin Tehranın Qazaxıstandan alacağı konsentratdan hərbi məqsədlər üçün istifadə edəcəyi ilə bağlı birbaşa sübutlar yoxdur.
Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinin üzə çıxardığı fakta münasibət bildirən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi İan Kelli xəbərdarlıq edib ki, İran və Qazaxıstan arasında belə bir razılaşmanın imzalanması BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının pozulması deməkdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: