Qarsdakı abidəyə sahib çıxan tapıldı
13 Yanvar 2011 Cümə Axşamı 17:30
Karşıyaka bələdiyyə başqanı artıq Qars bələdiyyəsinə müraciət edib.
Son vaxtlar gündəmdə olan Türkiyənin Qars vilayətindəki türk-erməni dostluğu abidəsinə sahib çıxan tapılıb. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, abidəyə Türkiyənin İzmir şəhəri Karşıyaka bələdiyyə başqanı, Cümhuriyyət Xalq Partiyasının üzvü Cevat Durak sahib çıxmaq qərarına gəlib.
Bələdiyyə başqanının sözlərinə görə, onlar "Azadlıq abidəsi"ni Mustafa Kəmal Məhəlləsi Çevrə Yolu ilə Bülent Ecevit Bulvarı arasındakı ərazidə yerləşdirmək niyyətindədirlər. Bu məqsədlə hətta Qars bələdiyyəsinə də rəsmi şəkildə məktub ünvanlayıblar.
Məsələyə aydınlıq gətirən partiya üzvü bildirib ki, Çevrə yolunda daha əvvəllər də heykəllər və abidələr olub. Bu ərazini sənət və mədəniyyət mərkəzi olaraq nəzərdən keçirdiklərini deyən Cevat Durak söyləyib ki, Qarsda ucaldılan abidəyə bələdiyyə və parlament tərəfindən razılıq əldə etdikdən sonra sahib çıxmaq istəyirlər: “Biz bununla bağlı məsləhətləşmələr aparmışıq və qərar qəbul etmişik”.
Xatırladaq ki, bir müddət əvvəl bölgəyə səfər edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsdakı türk-erməni dostluğunu ehtiva edən abidəni qorxunc adlandırıb və heykəlin ərazidəki tarixi abidələrə kölgə saldığını bildirib. Abidə 2 il əvvəl ucaldılıb. Bölgə əhalisinin etirazına, həmçinin bu barədə məhkəmə qərarının olmasına baxmayaraq abidə indiyədək sökülməyib. Türkiyə baş naziri isə abidənin sökülməsi üçün çox az müddət qoyub.
Ümumiyyətlə, Türkiyənin Qars vilayəti ermənilərin türklər və azərbaycanlıların başına açdığı çox qırğınlara şahidlik edib. Burada yaşayanların çoxu da XX əsrin əvvəlində ermənilərin divanından canını qurtararaq bu torpaqlara pənah aparanlardır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: