Qardaş ultimatumu
16 İyun 2010 Çərşənbə 12:05
Qardaş ultimatumu. Rusiya Belarusa xəbərdarlıq etdi.
Rusiya Belarusa ultimatum verib. Belə ki, Belarus beş gün ərzində Rusiyadan aldığı qaza görə borcunu ödəməlidir. Borc isə nə az, nə çox 200 milyon dollar təşkil edir. Bu barədə Rusiya prezidenti Dmitri Medvedev “Qazprom”un rəhbəri Aleksey Millerlə görüşündə bəyanat verib.

D.Medvedev A.Millerə Belarus tərəfi ilə əlaqə saxlamağı və qısa müddət ərzində Rusiyaya olan borcun ödənilməsini təklif etməyi tapşırıb: “Əgər borc ödənilməsə, o zaman sərt tədbirlər görmək lazım gələcək”.

Qeyd edək ki, daha əvvəllər A.Miller Belarusun “Beltransqaz” şirkətinin Rusiyadan aldığı qaza görə borcu müxtəlif hesablamalara əsasən 192 milyon dollar olduğunu vurğulamışdı.

Xatırladaq ki, Belarus hökuməti iki ildir ki, Rusiyanın qaz borcunu ödəyə bilmir. “Belstat”ın məlumatına görə, isə borcun məbləği 133 milyon dollar təşkil edir. Daha əvvəl isə bu məbləğin 240 milyon dollar olduğu da bildirilirdi. Sonradan Belarusun Rusiyaya müəyyən təzyiqlər etməsi bu məbləği qismən azalda bildi.

Öz növbəsində A.Miller prezidentə söz verərək qeyd edib ki, rəsmi Minsk Rusiyaya olan borcunu ödəməkdən imtina etsə, Rusiya Belarusa qaz nəqlini borcun həcminə proporsional qaydada azaldacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar