Qarabağ separatçı rejiminin lideri ABŞ-da dilənçilik edib
26 Noyabr 2010 Cümə 13:30
“Hayastan” ümumerməni telemarafonunda təxminən 21 milyon dollar pul toplanıb
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundakı separatçı rejimin rəhbəri Bako Saakyan növbəti seçkidə aşağı düşən nüfuzunu bərpa etmək üçün Birləşmiş Ştatlarda telemarafon keçirib. Erməni kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Los-Ancelesdə keçirilən ənənəvi 12 saatlıq “Hayastan” ümumerməni telemarafonunda təxminən 21 milyon dollar pul toplanıb.

Siyasi rəqibi, separatçı rejimdə “baş nazir” postunu tutan Araik Arutunyana uduzmasının qarşısını almaq üçün telemarafon yolu ilə pul yığmağa çalışan Bako Saakayan bu aksiyaya arxiyepiskop Parqav Martirosyanı da cəlb edib.

Xatırladaq ki, bu telemarafon çərçivəsində ötən il Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə ATƏT-in Minsk qrupuna həmsədrlik edən Rusiyanın paytaxtında keçirilən qala gecədə 8 milyon pul toplamışdı.

Separatçı rejimin rəhbəri Bako Saakyanın telemarafondan əvvəl Los-Ancelesə səfəri və şəhər meri ilə görüş keçirməsinə rəsmi Bakı etirazını bildirib. Prezident Adminstrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qeyd edib ki, Birləşmiş Ştatlarda qondarma “respublika prezidentinin” şəhər meri tərəfindən qəbul edilməsi Azərbaycanla Amerika arasındakı münasibətlərin ruhuna uyğun deyil: “Biz Birləşmiş Ştatların ədalətin bərpa olunması, beynəlxalq hüquq prinsiplərinin bərqərar olunması prosesində aktiv iştirakını istəyirik. Əlbəttə ki, ABŞ-dan bu cür mövqeni ATƏT-in sammitində də ortaya qoymasını gözləyirik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar