ABŞ dövlət katibi Hillari Klinton Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazır olduğunu deyib,Bunu ATƏT-in amerikalı həmsədri Metyu Brayza bildirib
ATƏT-in Minsk qrupunun İrəvanda səfərdə olan Amerikalı Həmsədr Metyu Brayza bəyan edib ki, Birləşmiş Ştatların yeni dövlət katibi Hillari Klinton münaqişənin həllinə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb. Amerikalı diplomat ANS-ə eksklyuziv müsahibəsində bildirib ki, prezidentlərin görüşünü təşkil etmək üçün həmsədrlərin ayrı-ayrılıqda və birgə regiona səfər etməsi nəzərdə tutulur. “Mən hazırda İrəvandayam və Ermənistan prezidenti Serj Sarkisyan eləcə də Xarici işlər naziri ilə görüşmüşəm. Bura gəlməzdən əvvəl öz həmsədr dostlarımla növbəti 3-4 ay ərzində görəcəyimiz işləri, məsələyə yanaşmamızı müzakirə etmişik. Bu birinci mərhələdir. Deyə bilərəm ki, Dağlıq Qarabağ məsələsində biz irəliləyirik. Ermənistanda fikir mübadiləsi aparmışıq. Bildiyiniz kimi Madrid sənədi var və çalışırıq ki, bu sənəddəki təklifləri təkmilləşdirək. Bu çox ciddi, konkret və irəliyə doğru aparan işdir. İndi vəziyyət çox ciddir və biz çox çalışmalıyıq. Ümid edirik ki, Ermənistan və Azərbaycan prezidentləri mayın əvvəlində görüşəcəklər. Bu səbəbdə də həmsədrlər ayrı-ayrıdlıqda da bir yerdə də regiona səfər edəcək. Mən isə yaxın günlərdə Azərbaycana gələcəyəm”.
/ANS TV/