Qalmaqallı sayt haqqında film çəkildi
09 İyul 2013 Çərşənbə Axşamı 11:49
"Wikileaks" haqqında film mübahisələrə səbəb olub.
Böyük Britaniyada qalmaqallı "Wikileaks" saytı haqqında çəkilmiş sənədli film ətrafında mübahisələr yaranıb. Rejissor Aleks Qibninin "Biz sirləri oğurlayırıq: "Wikileaks" tarixçəsi" adlanan sənədli film ABŞ rəsmi dairələrinin məxfi sənədlərini yayan "Wikileaks" saytının yaradıcısı Culian Assanjdan və onu məlumatlarla təmin edən Bredli Menninqdən bəhs edir.
Aleks Qibni daha əvvəl də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin işgəncədən istifadə etməsinə və "Eron" adlı elektrik enerjisi şirkətinin müflisləşməsinə dair qalmaqallı sənədli filmlər hazırlayıb. O, "Wikileaks" mövzusuna müraciət etməsinin səbəbini belə izah edir: "Mən "Biz sirləri oğurlayırıq: "Wikileaks" tarixçəsi" filmini lentə almağa qərar verəndə gözümün önündə öz noutbuku ilə Amerika dövlətinin gücünə üstün gələn bir oğlan gətirdim. Bu, mənə cəzbedici göründü və bu işi görməli olduğumu düşündüm." - sitatın sonu.
Sənədli film "Wikileaks" saytının qurucusu Culian Assanjın isə xoşuna gəlməyib. Assanj filmi "faktlardan uzaq" adlandırıb. Rejissor isə Assanjın etirazının bu filmi heç də az maraqlı etmədiyini hesab edir.
Qeyd edək ki, "Wikileaks" qalmaqalı barədə sənədli film Böyük Britaniyada iyulun 12-də nümayişə çıxarılacaq.
DOSTLARINLA PAYLAŞ: