Qahirədə toqquşmalar davam edir: 450 yaralı
11 Sentyabr 2011 Bazar 04:16
Polis İsrail səfirliyinin ətrafını nümayişçilərdən təmizləmək üçün əməliyyat keçirib.
Şənbə günü Qahirədə nümayişçilərlə polis əməkdaşları arasında baş verən toqquşmalar nəticəsində 450-yə yaxın adam xəsarət alıb. İnsident polis əməkdaşlarının İsrail səfirliyi yaxınlığındakı ərazinin nümayişçilərdən təmizlənməsi üçün keçirdiyi əməliyyat zamanı baş verib. Nümayişçilər polis maşınlarına içərisində yandırıcı qarışıq olan butulkalar atıblar.

Xatıladaq ki, şənbə gününə keçən gecə İsrailin Qahirədəki səfirliyi yaxınlığında kütləvi iğtişaşlar baş verib. Polis, kütlənin səfirlik ətrafındakı maneələri sökməsinə, səfirlik binasına soxulmasına və pəncərələrdən sənədləri atmasına müdaxilə etməyib. Lakin sonradan toqquşmalar qeydə alınıb. Nəticədə azı 3 nəfər ölüb, 1000-dən çox adam xəsarət alıb. Xəsarət alanlardan 300-ü polis əməkdaşları olublar.

İsrail səfiri və diplomatlar ailələri ilə birlikdə ötən gün səhər İsrail təyyarəsi ilə Qahirəni tərk ediblər. Misir hakimiyyəti ilə təmaslar üçün Qahirədə yalnız bir israilli diplomat qalıb.

Qərb ölkələri İsrail səfirliyinə hücumu pisləyiblər. Böyük Britaniyanın baş naziri Devid Kemeronun dəftərxanasının yaydığı bəyanatda deyilir ki, Misir diplomatik nümayəndəliklərin qorunması ilə bağlı öhdəliklərə əməl etməlidir. ABŞ prezidenti Barak Obama isə İsrailin baş naziri Benyamin Netanyahuya söz verib ki, böhrandan çıxış yolunun tapılmasına yardım edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar