Qafqazın müsəlman din xadimləri BMT-yə müraciət ünvanlayıb
16 May 2011 Bazar Ertəsi 15:09
“Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsindən narahatıq”
Qafqaz Xalqları Ali Dini Şurasının Bakıda keçirilən toplantısında Qafqazın müsəlman din xadimlərinin Birləşmiş Millətlər Təşkilatına (BMT) birgə müraciəti ünvanlanıb. Müraciət müəllifləri dünyanın müxtəlif guşələrində baş verən qanlı terror aktları, təxribatlar sayəsində bəzən dini çalar daşıyan qanlı hadisələr və qardaş qırğınları, tarixi-mənəvi irsin, o cümlədən din və mədəniyyət abidələrinin məhvindən narahatlıqlarını ifadə ediblər: “Qafqazın dini liderləri olaraq Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasına dair BMT-nin 4 qətnaməsinin 20 ildən artıq müddət ərzində yerinə yetirilməməsindən narahatıq. Bu, bir sıra müsəlman dövlətləri ilə bağlı bu yaxınlarda qəbul edilmiş qətnamələrin və sanksiyaların yubadılmadan həyata keçirilməsi fonunda baş verir. İnsanların inamını ikili yanaşmalar qədər başqa heç bir nəsnə zədələyə bilməz. Qafqazın milyonlarla dindarlarının iradəsini ifadə edərək, Uca Yaradandan müqəddəs həyat dəyərini hifz etmək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlar və xalqlar üçün sülh və rifahın təmin olunması yolunda BMT-nin bütün səylərinə rəvac verməsini diləyirik”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin və Qafqaz Xalqları Ali Dini Şurasının sədri Allahşükür Paşazadə, Şimali Qafqaz Müftiləri Koordinasiya Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin sədri İsmayıl Berdiyev, Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin sədri Soltan Mirzəyev, Dağıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Əhməd Abdullayev, Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin sədri Hacımurad Qatsalov, İnquşetiya Müsəlmanları Ruhani İdarəsinin sədri İsa Xamxoyev və başqaları imzalayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar