Qabon prezidenti Ömər Bonqo Ondimba 73 yaşında İspaniyadakı xəstəxanalardan birində vəfat edib. ANS PRESS, “Reuters”ə istinadən xəbər verir ki, məlumat Fransa hökumətindəki mənbəyə məxsusdur.
Keçmiş Fransa koloniyasına 1967-ci ildən rəhbərlik edən Ömər Bonqo Ondimba bu il mayın əvvəlində ağır vəziyyətdə Barselonadakı özəl klinikalardan birinə yerləşdirilmişdi. O vaxt məlumat yayılmışdı ki, o, adi tibbi müayinədən keçmək üçün xəstəxanadadır. Lakin bəzi mənbələrin məlumatına görə, Qabon prezidenti bağırsaq xərçəngindən müalicə olunurdu.
Qeyd edək ki, Qabon İslam Konfransı Təşkilatının üzvüdür. Lakin bu ölkə BMT Baş Assambleyasının toplantısında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” qətnamə səsə qoyularkən səsvermədə iştirak etməmişdi. /ANS PRESS/