Putinin sözçüsü prezidentin şəxsi həyatından danışdı
25 Sentyabr 2013 Çərşənbə 06:09
Prezident o qədər işləyir ki, onun şəxsi həyatı mənim üçün anlaşılmaz qalır.
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov onun şəxsi həyatı ilə bağlı danışıb. ANS PRESS-in məlumatına görə, “İzvestiya” qəzetinə verdiyi müsahibəsində Peskov Putinin şəxsi həyatı ilə bağlı sualı cavablandırıb: “Biz hamımız seçkilərdə prezidentə səs vermişik. Prezident nə iş görür, necə adamdır, həyat yoldaşı və s. məsələlər şəxsi məsələlərdir. Bizi maraqlandırmır”.

Dmitro Peskov Putinin çox işlədiyini deyib: "Səmimi deyirəm, prezidentin şəxsi həyatı ilə suala cavab vermək məcburiyyətində qalsaydım belə, bu barədə danışmağa çətinlik çəkərdim. Prezident o qədər işləyir ki, onun şəxsi həyatı mənim üçün anlaşılmaz qalır”.

Xatırladaq ki, bu ilin iyun 6-da Vladimir və Lyudmila Putin boşandıqlarını açıqlayıb. Putinin başqa bir qadına görə, ailəsindən boşandığı bildirilsə də, Lyudmila Putin bunu təkzib etmişdi.

Rusiya prezidentinin adı Dövlət Dumasının üzvü Alina Kabayeva və rus kəşfiyyatçısı Anna Çapmanla birlikdə hallanır. Ancaq bu məlumatlar rəsmi təsdiqini tapmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar