Putin məhkəməyə verildi
24 Dekabr 2010 Cümə 12:15
Bir qrup müxalifətçi onları “oğru” adlandıran baş nazir barədə iddia qaldırıblar
Rusiya Federasiyasının baş naziri Vladimir Putin birbaşa efirdə vətəndaşlarla ənənəvi ünsiyyət zamanı müxalifət partiyalarını, konkret olaraq Nemtsov, Rıjkov və Milovu oğurluqda ittiham edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, adı çəkilən müxalifətçilər baş nazirin işlətdiyi ifadəyə etiraz etmək niyyətində olduqlarını bildiriblər.
Sözügedən şəxslər artıq məhkəmə orqanlarında Putinlə bağlı iddia qaldırıblar və hətta ziyanın məbləği də açıqlanıb. Hazırda Boris Nemstov, Vladimir Milov və Vladimir Rıjkov baş nazirdən onlara dəyən mənəvi ziyanın ödənilməsi qismində bir milyon rubl və “Putinlə söhbət”i yayımlayan “Rossiya 1” telekanalından Putinin sözlərinin təkzib edilməsini tələb edirlər.
Canlı efir zamanı sual belə səsləndirilib: “Nemtsov, Rıjkov, Milov və digərləri əslində nə istəyirlər?”. Putin isə belə cavab verib: “Pul və hakimiyyət, başqa nə istəyəcəklər?! Vaxtikən onlar ölkəni viran qoyublar, 90-cı illərin əvvəllərində, Berezovski ilə xeyli milyardlar aparıblar”.
DOSTLARINLA PAYLAŞ: