Prezidentlər və maşınları
06 Oktyabr 2012 Şənbə 12:47
Dövlət başçıları hansı avtomobillərdə gəzirlər?
Adətən dünya ölkələrində prezident kortejinə 5-6 maşın daxil edilir. Dövlət başçısının əyləşdiyi avtomobil isə ən azı iki mühafizə avtomobilinin əhatəsində hərəkət edir. Bəzi hallarda isə kortejdə bir neçə eyni maşın hərəkət edir. Bir çox ölkə rəhbərlərinin kortejində yolsuzluq avtomobilləri üstünlük təşkil edir. MOTO-MOTO jurnalı bu dəfə bəzi dövlətlərdə prezidentlərin istifadə etdiyi avtomobillərdən bəhs edəcək.
ABŞ
Amerika prezidentləri əsasən "Cadillac" markalı limuzinlərdən istifadə edirlər. İlk dəfə pezident Vudro Vilson "Cadillac" avtomobilindən xalqını salamlayıb. ABŞ prezidenti Barak Obama da "Cadillac Presidential" avtomobilindən istifadə edir. Yeni model 2004-cü ildə istehsal edilmiş "DTS Presidential" limuzininin yenilənmiş versiyasıdır. Avtomobili istehsal edilərkən bütün texniki yeniliklər nəzərə alınıb. Avtomobilin müəyyən hissələrində prezident gerbi həkk edilib. Kapotun sağ tərəfinə ABŞ bayrağı quraşdırılıb. Avtomobil istehsal edildikdən sonra bir çox ağır sınaqlardan keçirilir. "Cadillac prezidential" limuzinin qiyməti 2 milyon dollardır.
Böyük Britaniya
Böyük Britaniya kraliçası II Yelizavetanın 5 ədəd "Rolls-Royce" avtomobili var. Kabriolet tipli "Rolss-Royce Phantom VI" avtomobili onun ən sevimli maşınıdır. Bu avtomobil kraliçaya 1978-ci ildə "avtomobil istehsalçıları və satıcıları" birliyi tərəfindən hədiyyə edilib. "Volkswagen" konserni tərəfindən kraliçaya 50 illik yubileyi münasibətilə hədiyyə edilən "Bentley Arnage Red Label" modeli nadir avtomobillərdən biridir. Bu avtomobil kondisioner və bar ilə təchiz edilib. Avtomobilin qiyməti 475 min avrodur.
Roma Papası
Roma Papasının qarajında yeni "Mercedes-Benz" modeli peyda olub. Sürücü haqda Vatikanın 10 qadağasından birində deyilir: "avtomobil güc və qüdrət nümayiş etdirmək vasitəsi ola bilməz". 1930-cu ildən "Mercedes" şirkəti Vatikanı avtomobillə təchiz edir. Roma Papası VI Benedikt üçün bir ədəd zirehli "Mercedes S klass", bir ədəd isə, "M-Class" modeli əsasında xüsusi hazırlanmış avtomobil nəzərdə tutulub. Amma sonradan kütlə ilə görüşlər üçün yeni açıq avtomobilə ehtiyac yarandı. Bu yaxınlarda yeni "Mercedes G klass" Papanın qarajına daxil edilib. 296 at güclü, 5 litr həcmli, V obrazlı avtomobil zirehlidir.
Çin Xalq Respublikası
Çin Xalq Respublikasının qurulması ildönümü ilə bağlı keçirilən parad zamanı dövlət məmurları üçün nəzərdə tutulmuş "FAW Hong Qi HQE" limuzini təqdim edilib. Bu avtomobil ilə ölkə başçısı Xu Szintao parada gəlib. Avtomobilin uzunluğu 6.4 metr, eni isə 2.05 metrdir. Hündürlüyü 1.72 metr olan avtomobil 4.5 ton çəkiyə malikdir. 400 at güclü mühərrik 12 silindrlidir. Avtomobilin istehsalı Çinin dövlət sirri sayılır. Maşın Çanqxunda yerləşən zavodda əl ilə yığılıb.
Almaniya
Almaniyanın keçmiş kansleri Herhard Şreder əvvəllər "Audi A4" avtomobilindən istifadə etsə də, sonradan avtomobilini yeniləmək qərarına gəlir. Bir müddət sonra o, "Volkswagen Phaeton" avtomobilindən istifadə etməyə başlayır. 4 ton çəkiyə malik avtomobil zirehlidir. 420 at güclü, 12 silindrli mühərriki olan maşın 250 km/saat sürəti asanlıqla yığır. 100 km/saat sürəti əldə etmək üçün 7 saniyə kifayətdir. Almaniyanın yeni kansleri Angela Merkel bir müddət Volkswagen Phaeton avtomobilindən istifadə etsə də, sonradan "Audi A8" modelinə üstünlük verib. Onun da avtomobili zirehlidir və texnologiyanın son nəaliyyətləri ilə təchiz edilib.
Rusiya
Rusiya Prezidenti Vladimir Putin "Mercedes-Pullman" avtomobilindən istifadə edir. Bu avtomobil öz sinfində istehsal edilmiş avtomobillərdən bir metr daha uzundur. Pullmanın salonunda kompüter, DVD və televizor var. Yəqin ki, salon xüsusi rabitə vasitəsi ilə də təchiz edilib. Putin öncəki prezidentlik müddətində bölgələrə "Mercedes-Sprinter" mikroavtobusu ilə səfər edib. Bu mikroavtobusa təhlükəsizlik xidməti əməkdaşlarını nəzərə almasaq, 7-8 nəfər rahat yerləşə bilər.
Cənubi Koreya
Cənubi Koreya avtomobil istehsalı üzrə dünya bazarıında müəyyən çəkiyə sahibdir. Bununla belə, Cənubi Koreya prezidenti "BMW"nin 7-ci seriyasından istifadə edir. Amma qeyd etmək lazımdır ki, prezident adminstrasiyasının qarajında 3 ədəd zirehli "Hyundai Equus" avtomobili də dövlət başçısının xidmətindədir. Hyundai Equus avtomobili Hyundai şirkəti tərəfindən xüsusi sifarişlə istehsal edilir və təhlükəsizlik baxımından "BMW" və "Mercedes" avtomobillərindən heç də geridə qalmır.
Türkiyə
Türkiyədə prezident və baş nazir "Mersedes S klass" modelindən istifadə edir. Baş nazir Ərdoğanın kortejinə 7 avtomobil daxildir. Bununla belə, bu yaxınlarda onun kortejinə "BMW 760 Long" modeli daxil edilib. 512 at güclü, 12 silindirli mühərriklə təchiz edilmiş avtomobil texnologiyanın bütün yeniliklərini özündə daşıyır. Zirehli avtomobildə eyni zamanda bioloji silahlardan qorunmaq da mümkündür. Baş nazirin ardınca Türkiyə prezidenti də BMW 760 Long avtomobili sifariş edib.
Fransa
Fransa avtomobil istehsalçısıdır. Bu səbəbdən Fransa prezidentlərinin yerli istehsal avtomobildən istifadə etmələrini anlamaq mümkündür. "Citroen C6" modeli 90-cı illərdən prezident qarajına cəlb edilib. Keçmiş prezident "Citroen" avtomobillərinə vurğun olduğu üçün "Citroen CX" modelinə üstünlük verib. Nikola Sarkozi isə, "Reno" avtomobilini daha üstün tutub. Fransanın indiki prezidenti Fransua Olland də ara-sıra "Citroen" və "Peugeot 607" avtomobilindən istifadə edir. Ümumiyyətlə, Fransada "Citroen C6", "Renault Vel Satis" və "Peuogeot" avtomobilləri əsasən dövlət rəsmiləri üçün nəzərdə tutulub.
İtaliya
İtaliya prezidentinin rəsmi avtomobili zirehli "Maserati Quattroporte"dir. Eyni zamanda dövlət başçısı "Lancia Thesis" limuzin modelindən də istifadə edir. İngiltərə kraliçası II Yelizavetanın 60-cı illərdə İtaliyaya səfəri zamanı 4 ədəd "Lancia Flaminia Prezidenziale" modeli sifariş edilib. Bu günə qədər də bu avtomobillərdən müəyyən mərasimlərdə istifadə edilir. İtaliya prezidentinin zirehli "Maserati"si isə, sifarişlə yığılıb. Avtomobilin 525 min avro dəyəri var.
DOSTLARINLA PAYLAŞ: