Prezidentin xanımı filmə çəkildi
02 Aprel 2013 Çərşənbə Axşamı 17:48
Bəşər Əsədin xanımı Əsma Əsəd vətənpərvərlik mövzusunda qısametrajlı filmdə rol alıb.
Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd vətənpərvərlik mövzusunda qısametrajlı filmə çəkilib. ANS PRESS-in “n1.by” saytına istinadən verdiyi məlumata görə, artıq “YouTube” kanalında yerləşdirilən videoya dünyanın istənilən ölkəsindən hər kəs baxa bilər. Lakin videonu yerləşdirən şəxs şərh bölməsini bağlayıb.

Videoçarxın süjeti belədir: “Üsyançılara qarşı döyüşlərdə öldürülmüş suriyalı əsgərlərin anaları övladları və onlara olan sevgiləri haqqında danışırlar. Bundan sonra matəm içərisində olan bir qrup qadın prezident sarayına gəlir. Sarayda onları sadə geyimli Əsma Əsəd qarşılayır.

Prezidentin xanımı qadınları təsəlli edir, onları qucaqlayır və öpür. Daha sonra qətlə yetirilmiş əsgərlərdən danışaraq, onların Suriya xalqı uğrunda öldüyünü söyləyir.

Qonaqlar birinci xanımın çıxışından sonra banket zalına dəvət olunur. Əsma Əsəd masa arxasında qonaqlara qulluq edir və onların hər biri ilə danışmağa çalışır. Videoçarxın finalında uşaq xor qrupu vətənpərvərlik mövzusunda mahnı oxuyur”.




DOSTLARINLA PAYLAŞ:

oyunlar