Gürcüstan müxalifəti kütləvi aksiyalarını bundan sonra Tiflisin üç nöqtəsində davam etdirəcək.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu üç nöqtə parlamentin, prezidentin Avlabar iqamətgahının və İctimai Televiziya binasının qarşısıdır. Avlabar iqamətgahının ətrafında 30 çadır qurulub. İqamətgahın dəmir barmaqlıqları üzərinə Mixail Saakaşvilinin böyük hərflərlə yazılmış istefa ərizəsi asılıb: “Mən prezident postundan imtina edirəm”. Ərizənin yanına isə böyük bir qələm qoyulub. Bu, o deməkdir ki, M. Saakaşvili istənilən vaxt gəlib ərizəsinə imza ata bilər. Aksiyada “Mişa və qalstuk”, “Mişa və dovşan”, “Mişa və massajçı qadın” mövzularında rəsm müsabiqəsi də elan edilib. Müsabiqənin qalibinə prezident istefaya getdikdən sonra onun oturduğu stul hədiyyə ediləcək. Müxalifət liderlərindən biri, keçmiş prezident Zviad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiya bildirib ki, parlamentin bütün qapılarının ağzında piketlər təşkil olunacaq: “Bu parlament saxta parlamentdir. Onun fəaliyyəti qanunauyğun deyil”.
Parlamentin sədri David Bakradze isə deyib ki, ölkədə vəziyyəti yaxşılaşdırmaq üçün yeganə yol dialoqdur. Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze müxalifətə Tiflisin 40 kilometrliyində rus tanklarının dayandığını xatırladıb: “Müxalifətlə dialoqa başlamaq olar, lakin prezidentin istefası barədə dialoq olmayacaq".
Qeyd edək ki, gecə yarısı “Avlabar” metrosunun qarşısında 3 müxalifət fəalı döyülüb və onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
APA